Bakı. TurkicWorld:
Azərbaycan-Türkiyə dövlət sərhədində, Araz çayı üzərində tikiləcək yeni körpünün iqtisadi və siyasi əhəmiyyəti çox böyük olacaq.
Bunu TurkicWorld-ə iqtisadçı ekspert Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, bu körpü üzərindən dəmir yolu xətti çəkilməsi də nəzərdə tutula bilər.
"Həmin körpü Zəngəzur dəhlizinin əhəmiyyətli hissəsi olacaq və tranzit imkanlarını genişləndirəcək. Şərq-Qərb istiqaməti üzrə dəhlizin fəaliyyətinin daha da genişləndirilməsinə və oradan keçən tranzit yüklərin həcminin daha da böyüməsinə böyük iqtisadi təsir göstərəcək. Körpü tək Azərbaycanın deyil, həm də regionun iqtisadi əlaqələrinə böyük təsir göstərəcək. Yükdaşımalar artdıqca bundan qazanan Azərbaycan və Türkiyə olacaq. Bu da qeyri-neft sektorunun inkişafına təsir edəcək", - deyə iqtisadçı qeyd edib.
Qeyd edək ki, Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpü tikiləcək. Bu, baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı"nda əksini tapıb.
Plana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə birgə 2024-cü ildə Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpünün tikintisinə dair təklif hazırlayacaq.