Avtomobillərin qiymətləri ucuzlaşacaqmı?

Avtomobillərin qiymətləri ucuzlaşacaqmı?

Bakı TurkicWorld

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sonuncu iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişiklik müzakirə edilərək plenar iclasa tövsiyyə olunub.

TurkicWorld xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2023-cü il may ayının 1-dən etibarən Azərbaycanda istehsal olunan avtomobillərin satışı 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

“Bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra yerli istehsal olunan avtomobillərin satışı zamanı 18.0 faizlik vergi ödənilməyəcək. Bu həmin avtomobillərin xərcinin azalmasına imkan verəcək. İqtisadi baxımdan xərcin azalması yerli avtomobillərin qiymətinə də təsirsiz ötüşməməlidir.

Dəyişiklikdə əsas məqsəd yerli avtomobil istehsalının satışını təşviq etməkdir. Eyni zamanda, Vergi Məcəlləsinə ediləcək bu dəyişiklik idxal olunan avtomobillərlə müqayisədə yerli avtomobillərin rəqabət imkanlarını gücləndirəcək”.

Millət vəkili bildirib ki, hazırda "Xəzər" avtomobil zavodu yerli avtomobillərin istehsalını genişləndirməyə çalışır.

“ Həmçinin, Özbəkistanla yeni model avtomobillərin istehsalı ilə bağlı müzakirələr gedir. Bu isə ondan xəbər verir ki, ƏDV-dən azad olma həm də yerli istehsalın genişləndirilməsi üçün imkanlar yaradacaq”,- deyə V.Bayramov vurğulayıb.

Mehriban Xəlilli

@MXalilbekova