“Azərbaycana gəlmək üçün 101 səbəb” hesabatı təqdim ediləcək - Rəşad Cabirli

“Azərbaycana gəlmək üçün 101 səbəb” hesabatı təqdim ediləcək - Rəşad Cabirli

Bakı. TurkicWorld:

“Azərbaycana gəlmək üçün 101 səbəb” hesabatı təqdim ediləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli məlumat verib.

Cabirlinin sözlərinə görə, hesabatın təqdimatı, 13-14 dekabr tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı nazirliyi, KOBİA və MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə keçiriləcək Kənd təsərrüfatı və qida forumunda olacaq.

Sədr onu da bildirib ki, "Azərbaycana gəlmək üçün 101 səbəb" adlı hesabat həm elektron, həm də yazılı halda xarici və yerli iş adamları ilə paylaşılacaq.

“44 günlük Vətən Müharibəsindəki şanlı zəfər ilə, Azərbaycan bölgədə çox önəmli dəyişikliklərə imza atıb.Bu gün Azərbaycan dünyanın bir çox ölkəsindən olan iş adamlarının diqqət mərkəzindədir və biz də MÜSİAD Azərbaycan olaraq, vizyonumuz daxilində və Azərbaycan-Türkiyə qardaşlığı çərçivəsində, ticari əməkdaşlıqlar həyata keçiririk. Son dövrlərdə Azərbaycana investisiya yatırmaq istəyən iş adamlarının sayı durmadan artır. Bu hesabatda da ticari, iqtisadi, turistik səbəblər qeyd olunub. Hədəfimiz ölkəyə daha çox iş adamının cəlb edilməsidir",- deyə Rəşad Cabirli bildirib.

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD 33 yaşını qeyd edib.

Aytac Süleymanova

Twitter: a_alieva_