MÜSİAD Azərbaycan heyəti Niksar TSO ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

MÜSİAD Azərbaycan heyəti Niksar TSO ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Bakı. TurkicWorld:

MÜSİAD Azərbaycan heyəti Türkiyənin Niksar Ticarət və Sənaye Palatası (TSO) ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri, həmçinin, Niksar TSO İdarə Heyətinin sədri Vedat Ülker və İdarə Heyətinin üzvləri iştirak edib.

Məlumata əsasən, R.Cabirli tədbir zamanı MÜSİAD Azərbaycanın fəaliyyəti barədə ətraflı məlumat verib.
“Dərnəyimiz 2018-ci ildən Azərbaycanda aktiv fəaliyyətə başlayıb. MÜSİAD Azərbaycan üzvlərinin 50 faizi Azərbaycan, 50 faizi isə Türkiyə vətəndaşlarıdır. Azərbaycanda Qeyri Hökumət Təşkilatları ilə sıx əməkdaşlıq edirik. MÜSİAD Azərbaycan iş adamlarının bizneslərini genişləndirməsinə dəstək verir”,- deyə o vurğulayıb.

İdarə Heyətinin sədri onu da bildirib ki, “Bir millət, iki dövlət” prinsipi olan Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət əlaqələri daha da genişləndirilməlidir.

Bundan əlavə, o işğaldan azad edilmiş ərazilərdə sənaye məhəllələrinin qurulması barədə məlumat verib.
“Ümumilikdə, hər zaman yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri Qarabağın işğaldan azad edilməsindən sonra daha da inkişaf edib. Bildiyiniz kimi, Zəngəzur dəhlizi layihəsi həyata keçirildikdən sonra dəhliz Asiyaya çıxış nöqtəsi olacaq”, - deyə R.Cabirli qeyd edib.

O, həmçinin, Ankarada azərbaycanlı iş adamlarının türk iş adamları ilə görüş keçirəcəyini də bildirib.
R.Cabirli daha sonra Niksar TSO heyətinin suallarını cavablayıb.

Tədbirdə çıxış edən Niksar TSO İdarə Heyətinin sədri Vedat Ülker azərbaycanlı iş adamları ilə MÜSİAD Azərbaycan vasitəsilə əməkdaşlıq quracaqlarına inandığını vurğulayıb.

“Tədbir çərçivəsində Azərbaycanın müəyyən bölgələrində investisiya qoyuluşu zamanı bəzi təşviqlər və digər məsələlər barədə geniş məlumat aldıq. Bundan sonrakı dövrdə də iki qardaş ölkənin qarşılıqlı ticarət sahəsində əməkdaşlıqlarının dərinləşdirilməsi üçün çalışacağıq”, - deyə V.Ülker bildirib.