Bakı. TurkicWorld:
İranın Hava Yolları Şirkətinə (IranAir) xarici hava yolları şirkətlərinin ümumilikdə 30 milyon dollar borcu var.
İranın Yol və Şəhərsalma Nazirliyinin məlumatına görə, bunu İranın Hava Yolları Şirkətinin icra direktoru Tahir Əbdülləhi deyib.
"Gulf Air, Lufthansa, Asteria, Turkish Airlines və bir sıra başqa hava yolları şirkətlərinə təyyarələrə yerüstü xidmətlər (handling), yemək və içkilərin hazırlanması (catering) üzrə İranın Hava Yolları Şirkətinə borcları yaranıb", - deyə o qeyd edib.
Şirkət rəsmisi bildirib ki, İran əleyhinə sanksiyaların tətbiq olunması və bank hesablarının dondurulmasına görə, İranın Hava Yolları Şirkəti sözügedən borcları geri ala bilmir.
Əbdülləhi bildirib ki, İranın Hava Yolları Şirkətinin Avropa ölkələrinə uçuşlarına gəldikdə bu məsələ sadəcə sanksiyalarla əlaqədar deyil. Çünki texniki və nəzarət mərhələləri və lazımi lisenziyalar alınmalıdır. Hətta İran Hava Yolları Şirkətlərinə qarşı məhdudiyyətlər ləğv edildiyi halda, bu şirkətin Avropa ölkələrinə reyslər təşkil etməsi üçün nəzarət yoxlamaları və prosesin təkmilləşdirilməsi müəyyən vaxt alacaq.
Qeyd edək ki, sentyabrın 8-də ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC), İranın aviasiya sektoru ilə əlaqəli 36 quruma, o cümlədən 27 İran aviaşirkətinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar həmçinin İran aviaşirkətlərinə təyyarə, yükdaşıma və agentlik xidmətləri göstərən xarici şirkətlərə də şamil olunur.







