BAKI,TurkicWorld
Rusiyada 5G internet işə salınıb.
Bu barədə "İnterfaks" məlumat yayıb.
Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına görə, Rusiyanın ən iri mobil rabitə operatorları – "MTS", "Vımpelkom", "Meqafon" və T2 – ilk 5G şəbəkələrini kommersiya istismarına veriblər.
İlk mərhələdə 5G xidmətləri 10 milyon insanın yaşadığı 16 şəhərdə istifadəyə verilib.
Belə ki, Moskva, Sankt-Peterburq və Yekaterinburqda 5G şəbəkəsini dörd operatorun hamısı istifadəyə verib. Novosibirsk və Kazanda "Meqafon" və "MTS", Samarada "Vımpelkom" və "Meqafon", Veliki Novqorod, Krasnodar, Nijni Novqorod və Tverdə "Meqafon", Volqoqrad, Krasnoyarsk, Perm və Çelyabinskdə T2, Ufada "MTS", Yaroslavlda isə "Vımpelkom" 5G şəbəkəsini istifadəyə verib.
Yaxın vaxtlarda bu şəhərlərdə "Android" platformasında işləyən cihazların bütün istifadəçiləri 5G xidmətlərindən yararlana biləcəklər. "iPhone" istifadəçilərinin 5G-yə çıxışı isə "Apple" korporasiyasının qərarından asılıdır.
Qeyd edək ki, 5G (beşinci nəsil mobil rabitə) əvvəlki 4G şəbəkələri ilə müqayisədə daha yüksək internet sürəti, daha az gecikmə və daha çox sayda cihazın eyni vaxtda şəbəkəyə qoşulmasını təmin edən mobil rabitə texnologiyasıdır. 5G xüsusilə yüksəkkeyfiyyətli video yayımı, "ağıllı" cihazlar, avtonom nəqliyyat və digər real vaxt rejimində işləyən texnologiyalar üçün daha sürətli və stabil bağlantı imkanları yaradır.







