Son dəqiqə

Qətər Bəhreyn Körfəz Əməkdaşlıq Şurası Doha Manama Səad bin Əli əl-Xarci Qətər Turizmi

Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər Turizminin sədri Səad bin Əli əl-Xarci Bəhreynin paytaxtı Manamada keçirilən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin turizm rəsmilərinin 10-cu nazirlər toplantısında iştirak edib.

TurkicWorld xəbər verir ki, əl-Xarci toplantıda Körfəz ölkələri arasında turizm əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. O, birgə turizm paketlərinin hazırlanmasına və Körfəz ölkələri üçün nəzərdə tutulan vahid turizm vizasının tətbiqinin sürətləndirilməsinə çağırıb.

Qətər rəsmisinin sözlərinə görə, vahid turizm imkanlarının yaradılması Körfəz ölkələrinin bir-birini tamamlayan turizm istiqamətləri kimi inkişafına və bölgəyə daha çox xarici turistin cəlb edilməsinə imkan verə bilər.

Əl-Xarci həmçinin Dohanın 2026-cı il üçün “Körfəz Turizminin Paytaxtı” seçilməsinin regional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm fürsət olduğunu bildirib.

O qeyd edib ki, bu status Körfəz ölkələrinin ortaq mədəni və turizm kimliyinin beynəlxalq səviyyədə tanıdılmasına, eləcə də bölgədəki turizm istiqamətləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edə bilər.

Mövzuya görə xəbərlər