BAKI,TurkicWorld,Yusif Şərifzadə
Səudiyyə Ərəbistanında sənaye sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə sentyabrın 14-16-da Ciddə şəhərində ikinci Səudiyyə Sənaye Forumu keçiriləcək. Üç günlük tədbirdə qabaqcıl texnologiyalar, yerli istehsal, investisiya imkanları və strateji sənaye sahələrinin inkişafı əsas müzakirə mövzuları olacaq.
TurkicWorld xəbər verir ki, tədbir Ciddə Superdome-da keçiriləcək və Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, forumda sənaye liderləri, investorlar, dövlət rəsmiləri və digər əsas tərəflər iştirak edəcək.
Forum Məkkə valisi şahzadə Xalid əl-Feysəlin himayəsi ilə Səudiyyə Palataları Federasiyasının Milli Sənaye Komitəsi tərəfindən Ciddə Palatası ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.
Tədbir Sənaye və Mineral Ehtiyatlar Nazirliyi və onun tabeliyindəki qurumların strateji tərəfdaşlığı ilə keçiriləcək.
Üç gün ərzində sənayenin inkişafı və yeni imkanlar, milli sənayenin gələcəyi, təchizat zəncirləri, logistika və strateji sahələr üzrə inteqrasiya olunmuş sənaye bazasının formalaşdırılması ilə bağlı müzakirələr və ixtisaslaşmış seminarlar təşkil ediləcək.
Avtomobil, qida və əczaçılıq sənayeləri əsas istiqamətlər arasında yer alacaq. Həmçinin sənaye müəssisələri, universitetlər və elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Forumda qabaqcıl texnologiyaların sənayedə tətbiqi, yerli istehsalın payının artırılması, milli müəssisələrin rolunun genişləndirilməsi və yüksək dəyər yaradan investisiya imkanlarının təqdim edilməsi də gündəmdə olacaq.
Tədbir çərçivəsində dövlət və özəl sektor qurumları, təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasında bir sıra saziş və anlaşma memorandumlarının imzalanması gözlənilir.
İlk Səudiyyə Sənaye Forumu 2025-ci ilin iyununda Əl-Xobarda keçirilib və tədbirdə Səudiyyə Ərəbistanından və digər ölkələrdən olan şirkətləri təmsil edən 320-dən çox sərgi iştirakçısı yer alıb.
İlk forumda sənaye və iqtisadiyyat üzrə 78-dən çox mütəxəssis çıxış edib. Tədbir çərçivəsində “Gələcəyin sənayeçiləri” təşəbbüsü və “Sənayeçilərin səsi” platforması təqdim olunub.
İkinci forum Səudiyyə Ərəbistanının 2030-cu il Vizyonu çərçivəsində sənayenin iqtisadiyyatın şaxələndirilməsində, yerli istehsalın inkişafında və investisiyaların cəlb edilməsində artan rolunu nümayiş etdirən mühüm tədbirlərdən biri olacaq.







