Son dəqiqə

Yaponiya Tokio neft Yaxın Şərq xam neft Hörmüz boğazı

Yaponiya Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni enerji planı hazırlayır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yaponiya Hörmüz boğazından asılılığını azaltmaq və daha etibarlı enerji təchizatı sistemi yaratmaq məqsədilə yeni plan hazırladığını açıqlayıb. Ölkənin xam neft tədarükünün böyük hissəsinin bu boğazdan keçməsi mövcud vəziyyətdə enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

TurkicWorld xəbər verir ki, 2025-ci ildə Yaponiyanın idxal etdiyi xam neftin 93 faizi Hörmüz boğazından keçərək ölkəyə çatdırılıb.

Yeni plan çərşənbə günü Yaponiya hökumətinin keçirdiyi iclasda təqdim olunub. Planda nəzərdə tutulan konkret tədbirlərin ilin sonunadək müəyyənləşdirilməsi gözlənilir.

Tokio enerji təchizatının şaxələndirilməsi və Hörmüz boğazından keçən neft daşımalarından asılılığın azaldılmasını əsas məqsədlərdən biri kimi müəyyənləşdirib.

Plan çərçivəsində Yaponiya Yaxın Şərqin neft hasil edən ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Əsas istiqamətlərdən biri Hörmüz boğazından yan keçməyə imkan verəcək neft boru kəmərlərinin yaradılması və mövcud imkanların genişləndirilməsi ilə bağlı layihələrdə əməkdaşlıqdır.

Bu layihələrin maliyyələşdirilməsinə Yaponiyanın Metallar və Enerji Təhlükəsizliyi Təşkilatının dəstək verməsi nəzərdə tutulur.

Yaponiya hökuməti bu addımlarla mümkün böhranlar zamanı ölkəyə neft tədarükünün davamlılığını təmin etməyə və enerji təhlükəsizliyini gücləndirməyə çalışır.

Mövzuya görə xəbərlər