BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani ölkəsinin strateji boğazlarını və su yollarını müdafiə etməyə hazır olduğunu bildirib. O, İran donanmasının bu ərazilərdə ölkənin milli maraqlarının və təhlükəsizliyinin qorunmasını əsas vəzifələrindən biri hesab etdiyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Şəhram İrani bu barədə İranın “Tasnim” xəbər agentliyinə açıqlamasında danışıb. Onun sözlərinə görə, ölkənin strateji boğazları və su yolları İran üçün xüsusi əhəmiyyət daşıyır.
İrani bildirib ki, Hərbi Dəniz Qüvvələri strateji əhəmiyyət daşıyan su yollarında gücləndirilmiş mövcudluğunu davam etdirir. O, donanmanın əsas vəzifəsinin İranın milli maraqlarını və təhlükəsizliyini qorumaq olduğunu qeyd edib.
Komandan İran Silahlı Qüvvələrinin mümkün təhlükələrə qarşı tam hazırlıq vəziyyətində olduğunu da bildirib. Onun sözlərinə görə, silahlı qüvvələr ölkəyə qarşı yönələn hər hansı addımın qarşısını almağa hazırdır.
İrani rəqib qüvvələrin İranın maraqlarına qarşı irəliləməsinə imkan verilməyəcəyini vurğulayıb. O, silahlı qüvvələrin bütün imkanları ilə mümkün təhlükələrə qarşı dayandığını bildirib.
Açıqlamada konkret olaraq hansı boğazların nəzərdə tutulduğu göstərilməsə də, İran üçün ən mühüm strateji su yollarından biri Hörmüz boğazıdır. Boğaz Fars körfəzini Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirən əsas dəniz yollarından biridir.
İran Hərbi Dəniz Qüvvələri komandanının açıqlaması Hörmüz boğazında gəmiçilik və təhlükəsizlik məsələlərinin bölgədə əsas müzakirə mövzularından birinə çevrildiyi bir vaxta təsadüf edir.







