Son dəqiqə

İran Tehran Hörmüz boğazı İran parlamenti İran Silahlı Qüvvələri dəniz daşımaları İbrahim Rzayi

İran Hörmüz boğazına nəzarəti Silahlı Qüvvələrin Baş Qərargahına verməyi planlaşdırır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran parlamentinin üzvü İbrahim Rzayi Hörmüz boğazının təhlükəsizliyinə dair təklif olunan yeni planın strateji su yolunun idarə edilməsi, nəzarətdə saxlanılması və buradan keçən gəmilərin yoxlanılması səlahiyyətlərini İranın nəzarətinə verəcəyini bildirib. Planın icrasına İran Silahlı Qüvvələrinin Baş Qərargahının nəzarət etməsi nəzərdə tutulur. İran parlamentində Hörmüz boğazının idarə olunmasına dair layihə bir neçə aydır müzakirə edilir.

TurkicWorld xəbər verir ki, İbrahim Rzayinin sözlərinə görə, təklif qəbul edilərsə, Hörmüz boğazının idarə edilməsi, gəmilərin hərəkətinin izlənilməsi və yoxlanılması İranın səlahiyyətində olacaq. Bu prosesin Silahlı Qüvvələrin Baş Qərargahının nəzarəti altında həyata keçirilməsi planlaşdırılır.

Rzayi bildirib ki, İrana düşmən hesab edilən, casusluq fəaliyyəti ilə əlaqələndirilən və ya ölkənin milli təhlükəsizliyinə təhdid yaradan gəmilərin Hörmüz boğazına daxil olmasına icazə verilməyəcək.

Təklifə əsasən, İran Silahlı Qüvvələrinin Baş Qərargahına boğazdan keçən gəmilərdən keçid və göstərilən xidmətlərə görə ödənişlərin alınması qaydalarını müəyyənləşdirmək səlahiyyəti də veriləcək. İran rəsmiləri bundan əvvəl də Hörmüz boğazından keçən gəmilərdən xidmət haqqının alınmasını nəzərdə tutan yanaşmanı gündəmə gətiriblər.

İran son aylarda Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarəti gücləndirib. Avropa İttifaqının iyunda qəbul etdiyi sənəddə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüzgan bölməsinin gəmilərdən yük, təyinat məntəqəsi və digər məlumatları tələb etdiyi, daha sonra onların boğazdan keçib-keçməyəcəyinə qərar verdiyi bildirilir.

Rzayi həmçinin bildirib ki, dünyanın istənilən yerində İranın maraqlarına zərər vurularsa, Tehran buna görə məsul hesab etdiyi dövlətə qarşı cavab tədbirləri görə bilər.

Hörmüz boğazının idarə edilməsi məsələsi İranın bölgədəki əsas siyasi və hərbi təsir vasitələrindən birinə çevrilib. Tehran boğaz üzərində nəzarət imkanlarını milli təhlükəsizliyinin və iqtisadi maraqlarının qorunması baxımından mühüm hesab edir.

Mövzuya görə xəbərlər