Son dəqiqə

İran Tehran Qətər Doha Məcid Məhəmməd əl-Ənsari iranlı təyyarəçilər hərbi təyyarələr

Qətər iranlı təyyarəçilərlə bağlı Tehrandan cavab gözləyir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər Xarici İşlər Nazirliyi itkin düşən iranlı hərbi təyyarəçilərin taleyinin araşdırılması məqsədilə İran nümayəndə heyətinin Dohaya səfəri üçün edilən dəvətin qüvvədə qaldığını, lakin Tehranın hələlik buna cavab vermədiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid Məhəmməd əl-Ənsari Dohada keçirdiyi mətbuat konfransında İran tərəfinə axtarış və xilasetmə əməliyyatlarının bütün təfərrüatları ilə tanış olmaq üçün mütəxəssislərdən ibarət heyət göndərməyin təklif edildiyini bildirib. Onun sözlərinə görə, Tehran bu dəvətə indiyədək cavab verməyib.

Məsələ mart ayında Qətərin hava məkanına daxil olduqdan sonra vurulan İran hərbi təyyarələrinin heyət üzvləri ilə bağlıdır. İran üç hərbi təyyarəçisinin Qətərdə saxlanıldığını iddia edir. Doha isə bu iddianı qəti şəkildə rədd edərək heç bir iranlı təyyarəçinin əsir saxlanılmadığını bildirir.

Əl-Ənsari bildirib ki, İran təyyarələri Qətərin suveren hava məkanını pozduğu üçün onlara qarşı qanunvericiliyə uyğun tədbir görülüb. Qətər rəsmisi Tehranın üç təyyarəçinin saxlanılması ilə bağlı iddialarını əsassız və məntiqsiz adlandırıb.

Qətər tərəfinin məlumatına görə, aparılan axtarış və xilasetmə əməliyyatları zamanı iranlı təyyarəçilərdən birinin cəsədi tapılıb. Cəsəd sonradan İran tərəfinə təhvil verilib və İranda dəfn mərasimi keçirilib.

Tehran isə digər üç təyyarəçinin sağ olduğunu və Qətərdə saxlanıldığını iddia etməkdə davam edir. İran məsələ ilə bağlı araşdırma aparılması üçün Qətərə faktaraşdırıcı heyətin göndərilməsini tələb edib. Doha öz növbəsində İran mütəxəssislərinin axtarış və xilasetmə əməliyyatlarının təfərrüatları ilə tanış olması üçün ölkəyə səfər edə biləcəyini bildirib.

Mövzuya görə xəbərlər