BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran və Oman Hörmüz boğazından gəmilərin keçməsi üçün nəzərdə tutulan marşrut xəritəsi üzrə razılığa gəlib. Tehran bildirir ki, iki ölkə arasında əldə olunan razılaşmanın yekunlaşdırılması üçün bəzi məsələlər üzrə danışıqlar hələ davam edir.
TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlətə məxsus “Defa Press” nəşrinə açıqlamasında Tehran və Maskat arasında Hörmüz boğazında gəmiçilik marşrutunun xəritəsi ilə bağlı razılığın əldə edildiyini bildirib.
Bəqainin sözlərinə görə, İran və Oman strateji əhəmiyyət daşıyan boğazdan təhlükəsiz keçid marşrutlarının müəyyənləşdirilməsi məqsədilə üç ay əvvəl intensiv danışıqlara başlayıb.
O bildirib ki, bu proses iyunun 18-də təhlükəsiz gəmiçiliyin təmin olunması üçün anlaşma memorandumunun imzalanmasından sonra sürətlənib.
İran rəsmisi ABŞ-ın maneələrinə baxmayaraq, son üç həftə ərzində danışıqlarda müsbət irəliləyiş əldə edildiyini və gəmiçilik marşrutunun xəritəsi üzrə razılığın formalaşdığını qeyd edib.
Bəqai bildirib ki, plan İran Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə ölkənin müdafiə, təhlükəsizlik və ətraf mühit üzrə məsul qurumlarının iştirakı ilə hazırlanıb.
Onun sözlərinə görə, Tehran və Maskat arasında hələ də bəzi məsələlər, o cümlədən iki ölkənin yayacağı birgə açıqlamanın məzmunu ilə bağlı müzakirələr aparılır.
Bəqai vurğulayıb ki, İran və Oman arasında əldə olunan razılaşma Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etməyə və hər iki ölkənin suverenliyini qorumağa yönəlmiş müstəqil razılaşmadır.






