BAKI,TurkicWorld Orxan Qədirzadə
Sudan Suveren Şurasının sədri və ordu komandanı Əbdülfəttah əl-Burhan ölkədə milli dialoq prosesinə qatılan şəxslərə müvəqqəti hüquqi, siyasi və təhlükəsizlik təminatlarının veriləcəyini açıqlayıb.
Burhan bildirib ki, müstəqil milli mexanizm tərəfindən idarə olunacaq dialoqda iştirak edən şəxslər barəsində mövcud cinayət təqibləri müvəqqəti dayandırılacaq. O, bu tədbirin amnistiya olmadığını və şikayətçilərin hüquqlarının qüvvədə qalacağını vurğulayıb.
Burhan dialoqun dövlət tərəfindən təşkil edilməyəcəyini, gündəliyin və nəticələrin müstəqil şəkildə müəyyənləşdiriləcəyini bildirib. O, prosesin azad fikir və tənqid üçün açıq ictimai mühitdə keçirilməsinin vacibliyini qeyd edib.
Sudan ordusunun komandanı ölkədə sülh təşəbbüslərinə açıq olduğunu desə də, Çevik Dəstək Qüvvələrinin (RSF) lideri Məhəmməd Həmdan Dəqlonu (Hemedti) və onun tərəfdarlarını yenidən hakimiyyətə qaytaracaq razılaşmanı qəbul etməyəcəyini bildirib.
Burhanın sözlərinə görə, sülh üçün ilk növbədə RSF qüvvələri şəhərlərdən çıxarılmalı, müəyyən ərazilərdə toplanmalı, məcburi köçkün və qaçqınlar evlərinə qayıtmalıdır. Daha sonra döyüşçülərin statusu və cinayət törətməyən şəxslərin nizami qüvvələrə inteqrasiyası müzakirə oluna bilər.
Bu arada Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının 15 üzvündən ibarət nümayəndə heyətinin Sudana səfəri gözlənilir. Üç gün davam edəcək səfər çərçivəsində siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır





