BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistanın Baş naziri Şahbaz Şərif Səudiyyə Ərəbistanı və Türkiyə ilə Məkkədə imzalanan üçtərəfli müdafiə sazişini "tarixi razılaşma" kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Şərif bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Baş nazir bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə bu sazişi imzalamaqdan qürur duyur.
Şərifin sözlərinə görə, razılaşma gələcək nəsillər üçün "sülh qalxanı" rolunu oynayacaq və regionda təhlükəsizlik ilə sabitliyin möhkəmləndirilməsinə xidmət edəcək.
Pakistanın Baş naziri sazişin əldə olunmasında Pakistan Ordusunun Baş Qərargah rəisi feldmarşal Asim Munirin rolunu xüsusi qeyd edib.
O, Asim Munirin bu razılaşmanın formalaşmasına verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib.
Son günlər Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan rəsmiləri dəfələrlə bəyan ediblər ki, yeni müdafiə sazişi heç bir ölkəyə qarşı yönəlməyib və məqsədi regional təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməkdir.







