Son dəqiqə

Səudiyyə Ərəbistanı Yəmən Yaxın Şərq Husilər hərbi gərginlik Hizam əl-Əsəd

Husi rəsmisi Səudiyyə Ərəbistanı qüvvələrini hədələyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yəməndə fəaliyyət göstərən husi hərəkatının Siyasi Bürosunun üzvü Hizam əl-Əsəd Səudiyyə Ərəbistanı ordusuna və onun dəstəklədiyi qüvvələrə qarşı sərt bəyanat səsləndirib.

TurkicWorld xəbər verir ki, Hizam əl-Əsəd "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada Səudiyyə qüvvələrinin və onların müttəfiqlərinin təhlükəsizlikdə olmayacağını iddia edib.

"İşğalçı Səudiyyə qüvvələri, onların muzdluları və torpaqlarımızdakı düşərgələri üçün heç bir təhlükəsizlik yoxdur", – deyə husi rəsmisi bildirib.

O, husilərin hərbi əməliyyatlarını tənqid edən ölkələrə də müraciət edərək, onların öz ərazilərində Səudiyyə hərbi düşərgələrinin yaradılmasına və öz vətəndaşlarının muzdlu kimi cəlb olunmasına icazə verməli olduqlarını iddia edib.

Hizam əl-Əsəd başqa bir paylaşımında husi silahlı qüvvələrinin ölkəyə qarşı tətbiq olunan mühasirəni aradan qaldırmaq, hüquqlarını bərpa etmək və buna mane olan şəxslərlə mübarizə aparmaq məcburiyyətində olduqlarını bildirib.

O əlavə edib ki, bu mübarizənin hədəfi insanların hüquqlarının, azadlığının və müstəqilliyinin təmin edilməsidir.

Səudiyyə Ərəbistanı tərəfi husi rəsmisinin bəyanatına hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər