BAKI,TurkicWorld Orxan Qədirzadə
Avropanın ən iddialı müdafiə layihələrindən biri hesab edilən Gələcəyin Hava Döyüş Sistemi (FCAS) layihəsi Fransa və Almaniya arasında yaranan fikir ayrılıqları səbəbindən ciddi böhranla üzləşib.
Layihə çərçivəsində 6-cı nəsil qırıcı təyyarənin hazırlanması nəzərdə tutulurdu və bu təyyarənin 2040-cı ildən etibarən Fransanın “Rafale” və Avropanın “Eurofighter Typhoon” qırıcılarını əvəz etməsi planlaşdırılırdı.
2017-ci ildə Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın keçmiş kansleri Angela Merkel arasında əldə olunan razılaşma əsasında başlayan layihəyə sonradan İspaniya da qoşulmuşdu. Layihənin ümumi dəyərinin ilkin olaraq 100 milyard avro olacağı açıqlansa da, sonradan bu rəqəmin təxminən 170 milyard avroya yüksəldiyi bildirildi.
Layihə yalnız yeni qırıcı təyyarənin yaradılmasını deyil, həm də pilotsuz uçuş aparatları, süni intellekt əsaslı idarəetmə sistemləri, döyüş məlumatlarının paylaşılması üçün bulud infrastrukturu və yeni nəsil sensor texnologiyalarının hazırlanmasını nəzərdə tuturdu.
Lakin layihənin əsas tərəfdaşları olan Fransanın “Dassault Aviation” şirkəti və Almaniya-İspaniyanı təmsil edən “Airbus” arasında texniki və idarəetmə məsələlərində razılıq əldə olunmadı.
“Dassault” şirkəti layihədə aparıcı rolu öz üzərində saxlamaq istəyirdi. Şirkət Fransa tərəfindən hazırlanmış “Mirage” və “Rafale” proqramlarından əldə olunan texnoloji təcrübənin qorunmasının vacib olduğunu bildirirdi. “Airbus” isə maliyyə töhfələrinin bölüşdürülməsinə uyğun olaraq layihədə bərabər qərarvermə hüququ tələb edirdi.
Digər əsas fikir ayrılığı Fransa və Almaniyanın hərbi ehtiyaclarının fərqli olması ilə bağlı idi. Fransa nüvə arsenalına, təyyarədaşıyan gəmilərə və uzaqmənzilli hərbi əməliyyat imkanlarına malik olduğuna görə daha müstəqil fəaliyyət göstərə bilən qırıcı istəyirdi.
Almaniya isə NATO çərçivəsində fəaliyyətə daha çox üstünlük verir və ABŞ sistemləri ilə uyğunlaşan müdafiə platformalarına maraq göstərirdi.
Ekspertlər hesab edirlər ki, layihənin uğursuzluğunun əsas səbəblərindən biri siyasi qərarların sənaye maraqları ilə uzlaşdırılmaması olub.
Fransanın Beynəlxalq və Strateji Məsələlər İnstitutundan (IRIS) Jan-Pyer Molni bildirib ki, layihənin əvvəlindən etibarən 50/50 prinsipinə əsaslanan əmək bölgüsü real vəziyyətə uyğun olmayıb. Onun fikrincə, qırıcı təyyarələrin hazırlanması sahəsində daha böyük təcrübəyə malik olan “Dassault” şirkətinə daha geniş səlahiyyət verilməli idi.
Alman Xarici Əlaqələr Şurasından (DGAP) Emil Arşambo isə hesab edir ki, əsas problem layihəyə siyasi rəhbərliyin kifayət qədər istiqamət verməməsi olub.
“FCAS” layihəsinin dayanması Avropanın müdafiə müstəqilliyi məsələsi ilə bağlı da suallar yaradıb. Ekspertlər bildirirlər ki, Fransa və Almaniya arasında hərbi əməkdaşlığın zəifləməsi Avropanın ABŞ təhlükəsizlik çətirindən asılılığını azaltmaq cəhdlərinə mənfi təsir göstərə bilər.
Layihənin uğursuzluğundan sonra hər iki ölkə alternativ variantları nəzərdən keçirir. Fransa öz milli 6-cı nəsil qırıcısını hazırlamaq imkanlarını qiymətləndirir. Almaniya isə Britaniya, İtaliya və Yaponiyanın rəhbərlik etdiyi alternativ layihəyə qoşulmaq və ya yeni milli proqram yaratmaq variantlarını araşdırır.
Mütəxəssislərin fikrincə, “FCAS” böhranı təkcə bir hərbi layihənin uğursuzluğu deyil, həm də Avropanın strateji əməkdaşlıq imkanlarının sınağıdır
