BAKI,TurkicWorld,Yusif Şərifzadə
Küveyt ordusu ölkə ərazisinə daxil olan pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini, hücum nəticəsində maddi ziyanın yarandığını, lakin insan itkisi olmadığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, Küveyt Silahlı Qüvvələrinin yaydığı məlumata görə, ölkənin hava hücumundan müdafiə qüvvələri əvvəllər "İranın təcavüzü" kimi qiymətləndirilən hadisə ilə əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib və ölkə ərazisinə daxil olan pilotsuz uçuş aparatları məhv edilib.
Məlumata əsasən, pilotsuz uçuş aparatlarının hücumu nəticəsində Küveytin şimalında yerləşən dövlət obyektlərindən biri və Bubiyan adasında fəaliyyət göstərən bir şirkətə məxsus mülki obyekt zərər görüb.
Ordunun açıqlamasında bildirilib ki, pilotsuz uçuş aparatlarının qalıqlarının yerə düşməsi nəticəsində maddi ziyan dəyib.
Hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Küveyt hakimiyyəti vəziyyətin nəzarət altında olduğunu və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.







