BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu ölkənin cənubunda yerləşən Sde Teyman hərbi bazasında baş verən kütləvi itaətsizlik hadisəsində iştirak edən 14 hərbçinin cəzalandırıldığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, ordunun yaydığı məlumata görə, Givati briqadasının "Tzabar" batalyonunda xidmət edən 14 hərbçi 30 sutka müddətinə hərbi həbs cəzasına məhkum edilib.
Bundan əlavə, Givati briqadasının komandanı həmin hərbçilərin döyüş bölmələrində xidmət etməsini daimi olaraq qadağan edib və onları döyüş vəzifələrindən uzaqlaşdırıb.
Məlumata görə, onlarla hərbçi bazada xidmət silahlarını qoyaraq hərbi hissəni tərk edib. Bildirilir ki, hadisə nizam-intizamı bərpa etməyə çalışan yüksək rütbəli komandirlə yaranmış mübahisədən sonra baş verib.
Sde Teyman hərbi bazası daha əvvəl fələstinli saxlanılan şəxslərə qarşı işgəncə və digər qanun pozuntuları ilə bağlı irəli sürülən ittihamlarla da gündəmə gəlib.
İsrail ordusu hadisəni hərbi nizam-intizamın pozulması kimi qiymətləndirərək iştirakçılara qarşı intizam tədbirlərinin görüldüyünü bildirib.







