BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyi bildirib ki, İsrail ordusu Qəzza zolağında "Sarı xətt" adlandırdığı məhdud giriş zonasını daha da genişləndirir.
TurkicWorld xəbər verir ki, agentliyin son vəziyyət hesabatına əsasən, "Sarı xətt" şərqi Deyr əl-Bələh, Qəzza şəhəri və Xan Yunis istiqamətlərində irəliləyib.
BMT-nin məlumatına görə, son bir həftə ərzində İsrail ordusu bir sıra məcburi təxliyə və sığınacaqlarda qalmaq barədə göstərişlər verib. Bu qərarlar 10-dan çox BMT agentliyinin obyektinə, o cümlədən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyinin istifadə etdiyi binalara təsir göstərib.
Hesabatda qeyd olunur ki, atəşkəs qüvvədə olsa da, İsrail hərbçiləri "Sarı xətt" daxilində olduğunu bildirdikləri fələstinlilərə mütəmadi atəş açır. BMT bu ərazinin beynəlxalq hüquqa əsasən Qəzza zolağının ayrılmaz hissəsi olaraq qaldığını vurğulayıb.
Agentlik həmçinin Qəzzada humanitar fəaliyyət üçün şəraitin daha da pisləşdiyini və "Sarı xətt"in qərbində yerləşən humanitar zonada hərbi əməliyyatların əhəmiyyətli dərəcədə intensivləşdiyini bildirib.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi isə açıqlayıb ki, 2026-cı ilin iyun ayına olan məlumata görə, girişi məhdudlaşdırılmış zona artıq Qəzza zolağının 64,9 faizini əhatə edir. İlin əvvəlində bu göstərici 53 faiz idi.






