BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın Omanın Hörmüz boğazının birgə idarə olunması ilə bağlı təklifini rədd etməsi əsasən iqtisadi səbəblərlə deyil, hərbi və strateji nəzarəti qorumaq istəyi ilə əlaqədardır. Bu fikri Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) müdafiə tədqiqatçısı Saşa Bruxmann səsləndirib.
TurkicWorld xəbər verir ki, Saşa Bruxmann bildirib ki, İranın tələbləri zamanla dəyişsə də, əsas məqsədi eyni olaraq qalır. Onun sözlərinə görə, Tehran əvvəlcə boğazdan keçən gəmilərdən rüsum tələb edib, daha sonra xidmət haqları ideyasını irəli sürüb, hazırda isə könüllü ödəniş mexanizmindən danışır.
Bruxmann qeyd edib ki, İranın əsas məqsədi Hörmüz boğazında mövqeyini qorumaq və bu strateji keçidə nəzarəti əldən verməməkdir. O bildirib ki, Tehran boğaz üzərində dominant mövqedən imtina etmək niyyətində deyil.
Analitikin sözlərinə görə, İran Omanın boğazın 50/50 prinsipi ilə birgə idarə olunması təklifini də məhz bu səbəbdən rədd edib. O hesab edir ki, belə model gəmiçilik marşrutlarından birinin İranın nəzarətindən kənarda qalmasına səbəb olacaqdı.
Bruxmann vurğulayıb ki, İranın yanaşması qlobal neft tədarükünün təhlükəsizliyindən daha çox hərbi və təhlükəsizlik baxımından nəzarəti təmin etməyə yönəlib. Onun fikrincə, Tehran eyni zamanda Vaşinqtondan kənarda Körfəz ölkələri ilə ayrıca anlaşmalar əldə etməyə və regional üstünlüyünü mərhələli şəkildə genişləndirməyə çalışır.
İran hökuməti analitikin səsləndirdiyi bu qiymətləndirmələrlə bağlı hələlik rəsmi açıqlama verməyib.







