BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) işğal altındakı İordan çayının qərb sahilində zorakılığın artmaqda davam etdiyini bildirib. Qurumun məlumatına görə, ilin əvvəlindən bölgədə məskunlaşmaçılarla bağlı azı 1330 insident qeydə alınıb.
TurkicWorld xəbər verir ki, OCHA-nın açıqlamasında qeyd olunub ki, ötən həftədən bəri baş verən hadisələr nəticəsində azı səkkiz fələstinli, o cümlədən bir uşaq və iki israilli həyatını itirib, çoxsaylı insan isə yaralanıb.
Məlumata əsasən, zorakılıq səbəbindən azı 10 fələstinli ailə yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Həmçinin fələstinlilərə məxsus evlərin, məscidlərin, ağacların və kənd təsərrüfatı obyektlərinin yandırılması və dağıdılması halları qeydə alınıb.
OCHA bildirib ki, İsrail tərəfindən tətbiq olunan hərəkət məhdudiyyətlərinin sərtləşdirilməsi fələstinlilərin səhiyyə xidmətlərinə çıxışına və dolanışıq imkanlarına mənfi təsir göstərir.
BMT qurumu mülki şəxslərin qorunmasına çağırışını yeniləyib və İsrail tərəfindən törədildiyini bildirdiyi pozuntulara görə məsuliyyət tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb. İsrail tərəfinin bu açıqlamaya münasibəti təqdim olunan məlumatda yer almayıb.







