Son dəqiqə

BMT Antonio Quterreş Qəzza Yaxın Şərq Beynəlxalq hüquq İordan çayının qərb sahili Hörmüz boğazı Bab əl-Məndəb

Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin sürətlə pisləşdiyini bildirərək, beynəlxalq ictimaiyyəti gərginliyin daha da artmasının qarşısını almaq üçün təxirəsalınmaz addımlar atmağa çağırıb.

TurkicWorld xəbər verir ki, Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı beynəlxalq hüquqa getdikcə daha çox məhəl qoyulmamasının regiondakı böhranları dərinləşdirdiyini bildirib. Onun sözlərinə görə, münaqişələrin sayı, mürəkkəbliyi, müddəti və coğrafiyası genişlənir, cəzasızlıq mühiti isə yayılmaqda davam edir.

Baş katib hazırkı vəziyyəti "nəzarətdən çıxmaq üzrə olan" proses kimi qiymətləndirərək, regionun "təsəvvürəgəlməz hadisələrin astanasında" olduğunu deyib.

Quterreş Hörmüz və Bab əl-Məndəb boğazlarında beynəlxalq gəmiçilik azadlığının tam bərpa edilməsinin vacibliyini vurğulayıb və böhranın həlli üçün yeganə yolun diplomatiya olduğunu bildirib.

Qəzza zolağındakı vəziyyətə toxunan BMT Baş katibi atəşkəsə baxmayaraq mülki əhalinin ağır itkilər verməyə davam etdiyini deyib. O bildirib ki, İsrailin Qəzza üzərində nəzarətini genişləndirdiyi şəraitdə insanların öldürülməsi davam edir və humanitar vəziyyət dözülməz olaraq qalır.

Antonio Quterreş işğal altındakı İordan çayının qərb sahilində də vəziyyətin narahatlıq doğurduğunu qeyd edib. Onun sözlərinə görə, ərazidə ilhaq prosesinin tədricən genişlənməsi, zorakılıq halları və genişmiqyaslı məcburi köçürmələr müşahidə olunur. Baş katib əlavə edib ki, bütün region getdikcə daha geniş qarşıdurma dairəsinə sürüklənir.

Mövzuya görə xəbərlər