Son dəqiqə

Çin Filippin Dəniz təhlükəsizliyi Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Cənubi Çin dənizi Mariya Tereza Lazaro İkinci Tomas rifi

Filippin və Çin arasında Cənubi Çin dənizi gərginliyi yenidən alovlanıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Filippin və Çin xarici işlər nazirləri Manilada keçirilən görüş zamanı bu həftə Cənubi Çin dənizinin mübahisəli sularında baş vermiş insidentlə əlaqədar bir-birlərinə rəsmi etirazlarını çatdırıblar.

TurkicWorld xəbər verir ki, Filippinin xarici işlər naziri Mariya Tereza Lazaro sosial şəbəkədə paylaşdığı açıqlamada Çin tərəfinin filippinli əməkdaşlara qarşı "qəbuledilməz hərəkətlərinə" etirazını bir daha ifadə etdiyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə isə xarici işlər naziri Van İ Filippin personalının Çin hüquq-mühafizə gəmilərinə qəsdən çırpılması ilə bağlı Pekinin etiraz notasını qarşı tərəfə təqdim edib.

İki ölkə arasında münasibətlər son illərdə Cənubi Çin dənizində təkrarlanan dəniz qarşıdurmaları səbəbindən gərgin olaraq qalır. Pekin bölgənin demək olar ki, tamamına iddia etsə də, 2016-cı ildə beynəlxalq arbitraj məhkəməsi bu iddiaların hüquqi əsasının olmadığını qərara almışdı.

Son insident bazar ertəsi İkinci Tomas rifində baş verib. Filippin tərəfi Çin Sahil Mühafizəsinin əməkdaşlarının Filippin Hərbi Dəniz Qüvvələrinin bir əməkdaşını taxta dəyənəklə baş nahiyəsindən vurduğunu iddia edib.

Çin isə əksinə, insidenti ilk olaraq Filippin tərəfinin törətdiyini, Filippin gəmilərinin Çin patrul gəmisinə çırpıldığını və hücumu onların başladığını bəyan edib.

Görüş zamanı Van İ Filippin-Çin münasibətlərinin həlledici mərhələdə olduğunu bildirərək Manilanı gələcək siyasəti ilə bağlı "düzgün və rasional seçim" etməyə çağırıb. O, həmçinin Filippinin hərbi və polis strukturlarında olan bəzi qüvvələri xarici təsirlər altında qəsdən təxribat törətməkdə ittiham edib.

Mövzuya görə xəbərlər