BAKI,TurkicWorld,Yusif Şərifzadə
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Qəzza zolağında İsrail tərəfindən həyata keçirilən hücumların intensivləşməsini pisləyib. Təşkilat son günlər onlarla fələstinlinin öldüyünü və yaralandığını bildirib.
TurkicWorld xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Tamim əl-Xitan iyulun 13-dən 20-dək İsrail hücumları nəticəsində azı 57 fələstinlinin öldürüldüyünü açıqlayıb. Ölənlər arasında altı uşağın olduğu bildirilib.
Əl-Xitan qeyd edib ki, İsrail ordusu son günlər Qəzzada hücumlarını gücləndirib və nəticədə çox sayda insan həyatını itirib.
BMT rəsmisi bildirib ki, atəşkəs elanından doqquz ay keçməsinə baxmayaraq, Qəzzada fələstinlilər üçün heç bir yer təhlükəsiz deyil.
Onun sözlərinə görə, mülki şəxslərin öldürülməsi mümkün hərbi cinayətlər və digər ağır hüquq pozuntuları ilə bağlı narahatlıqlar yaradır.
Əl-Xitan bildirib ki, son dövrdə öldürülən şəxslərdən 34-ü İsrail tərəfindən müəyyən edilən “sarı xətt”dən uzaq ərazilərdə həlak olub.
BMT rəsmisi əlavə edib ki, həmin xəttin davamlı dəyişdirilməsi mülki əhali üçün əlavə təhlükə yaradır. Onun sözlərinə görə, İsrail ordusunun həmin xəttin yaxınlığında olan fələstinlilərə atəş açması beynəlxalq insan hüquqları və humanitar hüquq normaları ilə bağlı suallar doğurur.







