BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətər Xarici İşlər Nazirliyi İranın İordaniya, Bəhreyn və Küveytə qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyərək onları hədəf ölkələrin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində yayımladığı bəyanatda hücumların beynəlxalq hüququn, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin və mehriban qonşuluq prinsiplərinin açıq şəkildə pozulması olduğu bildirilib.
Bəyanatda xüsusilə vurğulanıb ki, Küveytdə elektrik enerjisi və dəniz suyunun duzsuzlaşdırılması müəssisələrinin hədəfə alınması "bütün qırmızı xətlərin aşılması" deməkdir.
Qətər qeyd edib ki, həyati əhəmiyyət daşıyan mülki infrastrukturun hədəfə alınması BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin müddəalarına ziddir. Nazirlik həmin qətnamənin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini, eləcə də mülki şəxslərin və mühüm infrastrukturun hədəfə alınmasının yolverilməz olduğunu təsdiqlədiyini vurğulayıb.
Doha baş verən hadisələri regionda vəziyyəti daha da gərginləşdirən təhlükəli eskalasiya kimi qiymətləndirib. Bildirilib ki, bu cür addımlar gərginliyin azaldılması istiqamətində aparılan səyləri çətinləşdirir və təhlükəsizliklə sabitliyin təmin olunmasına yönəlmiş siyasi və diplomatik təşəbbüslərə zərbə vurur.
Qətər Xarici İşlər Nazirliyi bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə, münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün təmkin nümayiş etdirməyə çağırıb.






