BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətərin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların hədəfə alınan dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması olduğu bildirilib. Sənəddə qeyd olunub ki, baş verənlər beynəlxalq hüququn, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və mehriban qonşuluq prinsiplərinin açıq şəkildə pozulmasıdır.
TurkicWorld xəbər verir ki, bəyanatda vurğulanıb ki, Qətər hücumlara və onların doğurduğu bütün nəticələrə görə İranı tam hüquqi məsuliyyət daşıyan tərəf hesab edir.
Rəsmi Doha, həmçinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə və beynəlxalq hüquqa əsaslanaraq ölkənin suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq üçün müvafiq tədbirlər görmək hüququnu özündə saxladığını bəyan edib.
Qətər bununla yanaşı, ərazi bütövlüyünü müdafiə edən dost və tərəfdaş dövlətlərlə həmrəy olduğunu bildirib.
Bəyanatda bütün hərbi əməliyyatların dərhal dayandırılması, gərginliyin daha da artmasına yol verilməməsi, tərəflərin təmkin nümayiş etdirməsi, dialoq və danışıqlara ciddi şəkildə qayıtması, eləcə də əvvəllər əldə olunmuş diplomatik razılaşmalara əməl olunmasının vacibliyi vurğulanıb.







