BAKI,TurkicWorld,Yusif Şərifzadə
NATO-nun yenilənmiş hesablamalarına görə, alyansın beş üzvü 2026-cı ildə əsas müdafiə xərclərini ümumi daxili məhsulun 3,5 faizi səviyyəsinə çatdıracaq. Bununla yanaşı, bəzi üzv ölkələrin müdafiəyə ayırdığı vəsaitin təxminən 2 faiz səviyyəsində qalacağı gözlənilir.
TurkicWorld xəbər verir ki, NATO-nun Ankara Zirvə Toplantısı ərəfəsində açıqladığı məlumatlarda bildirilir ki, ötən il Haaqada keçirilən Zirvə Toplantısında üzv ölkələr 2035-ci ilədək əsas müdafiə xərclərini ümumi daxili məhsulun 3,5 faizinə çatdırmaq barədə öhdəlik götürüblər. Bu hədəf əvvəllər müəyyən edilmiş 2 faizlik göstəricini əvəz edir.
Bundan əlavə, NATO ölkələri kibertəhlükəsizliyin gücləndirilməsi və digər müdafiə ilə əlaqəli sahələrə ümumi daxili məhsulun əlavə 1,5 faizi həcmində investisiya yatırılması barədə də razılığa gəliblər.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp uzun müddətdir NATO üzvlərini müdafiə xərclərini artırmağa çağırır. Vaşinqton alyans ölkələrinin təhlükəsizlik sahəsində daha böyük maliyyə məsuliyyəti götürməsini istəyir.







