BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın yeni ali rəhbərinin xarici siyasətdə daha sərt və fəal xəttə üstünlük verdiyi bildirilir.
TurkicWorld xəbər verir ki, Tehranda yerləşən Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Əli Əkbər Dəreyni “Əl Cəzirə” kanalına açıqlamasında bu barədə danışıb.
O bildirib ki, Müctəba Xamenei xarici siyasətdə əvvəlki dövrlə müqayisədə daha iddialı yanaşma sərgiləyir və Hörmüz boğazı ilə bağlı daha sərt nəzarət siyasətini dəstəkləyir.
Dəreyninin sözlərinə görə, yeni ali rəhbər regionda strateji keçid nöqtələrindən istifadə etməklə iqtisadi və siyasi təsir mexanizmlərini gücləndirməyi hədəfləyir.
O qeyd edib ki, Müctəba Xamenei həm xarici, həm də daxili siyasətdə daha realist yanaşma nümayiş etdirir və mövcud regional çağırışları nəzərə alır.
Tədqiqatçı əlavə edib ki, İran üçün əsas prioritet ölkənin siyasi müstəqilliyi və ərazi bütövlüyünün qorunmasıdır.
Eyni zamanda ölkə daxilində artan inflyasiya və ictimai narazılığın yeni rəhbərlik üçün əsas çağırışlardan biri olduğu vurğulanıb.
O, yeni rəhbərliyin planları arasında milli birliyin gücləndirilməsi və korrupsiyaya qarşı mübarizənin yer aldığını da bildirib.






