HƏMAS Sülh Şurası Sülh Şurasında Qəzzanın gələcəyi müzakirə olundu

HƏMAS beynəlxalq qüvvələrdən gözləntilərini açıqlayıb

BAKI,TurkicWorld Orxan Qədirzadə

"Sülh Şurası" yaxın həftələrdə Qəzza zolağında humanitar sığınacaq mərkəzlərinin idarə olunması üzrə pilot layihəyə başlamağı planlaşdırır. Bu arada HƏMAS beynəlxalq sabitləşdirmə qüvvələrinin bölgəyə yerləşdirilməsinin İsrail ordusunun pozuntularının dayandırılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

İsrail mətbuatının yaydığı məlumata görə, "Sülh Şurası"nın Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibində fəaliyyət göstərəcək çoxmillətli hərbi kontingent bir neçə həftə ərzində İsrailə çatacaq və daha sonra Qəzza zolağında yerləşdiriləcək.

Bildirilir ki, həmin qüvvələr Qəzza zolağının yaxınlığında yerləşən İsrailin "Amiti" hərbi düşərgəsində bu məqsədlə hazırlanmış bazada yerləşəcək.

Məlumata əsasən, "Sülh Şurası" yaxın həftələrdə HƏMAS-ın nəzarətində olmadığı bildirilən ərazilərdə humanitar sığınacaq mərkəzlərinin idarə olunması üzrə sınaq layihəsinə başlayacaq.

İlkin mərhələdə mülki əhalinin köçürüləcəyi ilk məntəqə kimi Rəfəh şəhəri yaxınlığında yerləşən Təl əs-Sultan bölgəsi müəyyən edilib.

Bildirilir ki, həmin əraziyə yalnız silahlı olmayan və HƏMAS-la əlaqəsinin olmadığı bildirilən Qəzza sakinlərinin yerləşdirilməsi nəzərdə tutulur.

Məlumata görə, beynəlxalq qüvvələr humanitar zonalarda asayişi qorumaq üçün odlu silahlardan fərqli vasitələrlə təchiz ediləcək. Eyni zamanda İsrail ordusu Qəzza zolağında "Sarı xətt" adlandırdığı ərazilərin arxasında yerləşən bölgələr üzərində nəzarətini davam etdirəcək və mövqelərini daha da möhkəmləndirəcək.

İddia olunur ki, tibbi ləvazimatlar və ərzaq məhsulları humanitar sığınacaq mərkəzlərinə göndəriləcək və bununla Qəzza zolağında HƏMAS-ın əhali üzərində təsirinin mərhələli şəkildə zəiflədilməsi hədəflənir.

Bundan başqa, "Sülh Şurası"nın Qəzza zolağı ilə həmsərhəd ərazilərdə humanitar sığınacaqların idarə olunması üçün logistika mərkəzləri yaratmağı planlaşdırdığı bildirilir. Bu mərkəzlərin sərhəd hasarına yaxın yaşayış məntəqələrində fəaliyyət göstərəcəyi qeyd olunur.

Bu arada HƏMAS beynəlxalq sabitləşdirmə qüvvələrinin Qəzza zolağına yerləşdirilməsini müsbət qiymətləndirdiyini açıqlayıb.

Hərəkat bildirib ki, beynəlxalq qüvvələrin bölgəyə gəlməsi onların əsas vəzifələrinin icrasının başlanğıcı olmalı, fələstinlilərlə İsrail ordusu arasında ayırıcı rol oynamalı və İsrailin pozuntularının dayandırılmasına xidmət etməlidir.

HƏMAS yaydığı bəyanatda "Sülh Şurası"nı Qəzzada müharibənin dayandırılması planının müddəalarının praktik icrasına başlamağa çağırıb.

Hərəkat bunun üçün Qəzza zolağının idarə olunması üzrə Milli Komitənin fəaliyyətə başlamasının, əhaliyə real humanitar yardımın çatdırılmasının və İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasının təmin edilməsinin vacibliyini vurğulayıb.

HƏMAS, həmçinin Qəzzanın bütün ərazisində yenidənqurma işlərinə dərhal başlanılmasını tələb edib və bunu bütün fələstinlilərin ayrılmaz hüququ kimi qiymətləndirib.

Bundan əvvəl "Sülh Şurası" Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə məxsus ilk taktiki nəqliyyat vasitələrinin "Endurans" adlanan logistika dəstək zonasına çatdığını açıqlamışdı.

"Endurans" logistika zonası İsrailin cənubunda, Kərəm Əbu Səlim sərhəd-keçid məntəqəsinin yaxınlığında, Qəzza zolağından kənarda yaradılıb. Bu məntəqə Qəzzada fəaliyyət göstərəcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin əsas keçid və logistika bazası hesab olunur. Burada hərbi texnika, avadanlıq və şəxsi heyət qəbul edilir, daha sonra isə mərhələli şəkildə Qəzza zolağına göndərilir.

Mövzuya görə xəbərlər