BAKI,TurkicWorld Orxan Qədirzadə
İspaniyada yeni dövlət proqramı çərçivəsində bir milyondan çox qeyri-qanuni miqrant və beynəlxalq müdafiə almaq üçün müraciət etmiş şəxs hüquqi statusunun leqallaşdırılması üçün müraciət edib.
İspaniya hökuməti proqram hazırlanarkən təxminən 500 min nəfərin bu imkandan yararlanacağını proqnozlaşdırsa da, qeydiyyat müddəti başa çatdıqda müraciətlərin sayı gözləntiləri iki dəfədən də çox üstələyərək bir milyonu keçib.
Proqrama əsasən, müəyyən edilmiş şərtlərə cavab verən şəxslərə bir il müddətinə yaşamaq və işləmək icazəsi veriləcək. Bunun üçün müraciət edən şəxslər məhkumluqlarının olmadığını təsdiqləməli, həmçinin 2025-ci ilin sonunadək ən azı beş ay İspaniyada yaşadıqlarını və ya beynəlxalq müdafiə almaq üçün rəsmi müraciət etdiklərini sübut etməlidirlər.
İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, proqrama göstərilən bu qədər yüksək maraq belə bir təşəbbüsə ehtiyac olduğunu təsdiqləyir. Onun sözlərinə görə, miqrasiya ölkənin iqtisadi inkişafının davam etdirilməsi, demoqrafik böhranın aradan qaldırılması və sosial təminat sisteminin qorunub saxlanılması baxımından əsas amillərdən biri olaraq qalır.
Bununla yanaşı, proqram ölkənin sağ müxalifət qüvvələrinin sərt tənqidinə səbəb olub. Müxalifət hökuməti bu addımla İspaniyanın demoqrafik və siyasi balansını dəyişdirməyə çalışmaqda ittiham edir.







