Son dəqiqə

zəlzələ Venesuela Delsi Rodriqes

Venesuelada ardıcıl iki güclü zəlzələ: fövqəladə vəziyyət elan edildi

BAKI,TurkicWorld Orxan Qədirzadə

Venesuelada 39 saniyə fasilə ilə baş verən 7,5 və 7,2 bal gücündə iki güclü zəlzələ ölkənin bir sıra bölgələrində ciddi dağıntılara səbəb olub. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, ilkin olaraq 7,1 bal gücündə olduğu bildirilən zəlzələ ilə bağlı sonradan yenilənmiş məlumatlar açıqlanıb.

Qurumun yaydığı məlumata əsasən, ilk zəlzələ Yarakuay ştatının Yumare şəhərindən 23 kilometr cənub-şərqdə 7,5 bal gücündə qeydə alınıb. İkinci zəlzələ isə həmin ştatın San Felipe şəhərindən 24 kilometr şimal-şərqdə 7,2 bal gücündə baş verib. Zəlzələlərin ocağı Yumare bölgəsində 10 kilometr, San Felipe ətrafında isə 21,9 kilometr dərinlikdə yerləşib.

Məlumata görə, iki güclü yeraltı təkan arasında cəmi 39 saniyə vaxt fərqi olub.

Yerli mətbuatın yaydığı xəbərlərdə dağıntıların qeydə alındığı ərazilərə çoxsaylı axtarış-xilasetmə qruplarının göndərildiyi bildirilir. Eyni zamanda bəzi şəhərlərdə internet və rabitə infrastrukturunun sıradan çıxması səbəbindən insan itkisi və maddi zərərin dəqiq miqyasını müəyyənləşdirmək hələ mümkün olmayıb.

Venesuelanın müvəqqəti dövlət başçısı Rodriqes paytaxt Karakasda keçirdiyi mətbuat konfransında ölkədə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.

O bildirib ki, böhranla mübarizə məqsədilə Baş Qərargahın nəzdində fəaliyyət göstərən bütün fövqəladə hallar mexanizmləri işə salınıb. Həmçinin Karakas yaxınlığında yerləşən Simon Bolivar Beynəlxalq Hava Limanı növbəti açıqlamaya qədər bağlanıb.

Rodriqes qeyd edib ki, ardıcıl baş verən iki güclü zəlzələdən sonra indiyədək 20 afterşok qeydə alınıb.

“Ardıcıl iki güclü zəlzələ baş verib və indiyədək 20 təkrar yeraltı təkan qeydə alınıb. Bu, çox ciddi nəticələr doğuran hadisədir. Karakasın müxtəlif rayonlarında binalar çöküb. Oxşar dağıntılar Miranda, La Quayra, Araqua, Karabobo və Falkon ştatlarında da müşahidə olunur. Konstitusiyaya uyğun olaraq ölkədə fövqəladə vəziyyət elan edirik”, – deyə o bildirib.

Müvəqqəti dövlət başçısı əlavə edib ki, ölkədə bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, zəruri olmayan işlər müvəqqəti olaraq məhdudlaşdırılıb və zədələnmiş tikililərin təcili texniki yoxlanışına başlanılıb.

“Bizim əsas prioritetimiz insanların həyatını xilas etməkdir. Maddi itkilərin aradan qaldırılması məsələləri sonrakı mərhələdə müzakirə ediləcək. Hazırda milli həmrəyliyə ehtiyac var. İnsanların həyatını qorumaq üçün birlikdə hərəkət etməliyik”, – deyə Rodriqes vurğulayıb.

O, ölən və yaralananların sayı barədə hələlik rəsmi məlumat verilmədiyini bildirib. Rodriqesin sözlərinə görə, zəlzələlərdən dərhal sonra bütün dövlət qurumları və mülki müdafiə sistemləri axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.

Rodriqes həmçinin Venesuelaya dəstək və yardım təklif edən ölkələrə təşəkkür edib.

“Zəlzələlərdən sonra bizimlə əlaqə saxlayan və həmrəylik nümayiş etdirən bütün hökumətlərə təşəkkür edirəm. ABŞ, Panama, Qətər, Ekvador, Kolumbiya, Böyük Britaniya, Braziliya və Meksika rəhbərliklərinə minnətdarlığımı bildirirəm. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatına və çoxtərəfli maliyyə institutlarına təşəkkür edirəm”, – deyə o bildirib.

Yerli media qurumlarının məlumatına görə, paytaxt Karakasdan təxminən 39 kilometr məsafədə yerləşən Simon Bolivar Beynəlxalq Hava Limanı infrastrukturunda yaranmış ciddi zədələr səbəbindən fəaliyyətini dayandırıb.

Ölkənin daxili işlər naziri Diosdado Kabello da hadisə ilə bağlı açıqlama verərək zəlzələnin 7 baldan xeyli yüksək gücə malik olduğunu bildirib.

Nazirin sözlərinə görə, yeraltı təkanlar Truxilyo, Yarakuay, Karabobo, Araqua, Miranda, Karakas və La Quayra bölgələrində çox güclü hiss olunub.

Kabello paytaxt Karakasda bəzi binaların dağıldığını, həmçinin Mayketiya Beynəlxalq Hava Limanının tavan hissəsinin çökdüyünü və bütün reyslərin ləğv edildiyini açıqlayıb.

Nazir vətəndaşları təkrar yeraltı təkanlar təhlükəsi səbəbindən yaşayış binalarına daxil olmamağa çağırıb.

Zəlzələ nəticəsində yaralananların və həyatını itirənlərin sayı ilə bağlı isə hələlik rəsmi məlumat açıqlanmayıb. Axtarış-xilasetmə əməliyyatları ölkənin müxtəlif bölgələrində davam etdirilir.

Mövzuya görə xəbərlər