BAKI,TurkicWorld Orxan Qədirzadə
Qara dənizdə Türkiyə bayrağı altında fəaliyyət göstərən balıqçı gəmisinə hücum nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.
Türkiyənin Sahil Mühafizə Komandanlığının yaydığı məlumata görə, hadisə iyunun 5-də Krım yarımadasının qərb hissəsində, Sevastopol sahilləri yaxınlığında baş verib. Türkiyə bayraqlı "Duru 67" adlı balıqçı gəmisinə hücum edilib. Hücum nəticəsində gəmi ciddi zədələnərək batıb.
Hadisə zamanı bölgədə olan "Burak Kaya" adlı digər balıqçı gəmisi batan gəmidəki 5 yaralını xilas edib. Daha sonra İnebolu istiqamətində hərəkət edən gəmidə vəziyyəti ağır olan yaralılardan biri yolda həyatını itirib.
Məlumat daxil olduqdan sonra Türkiyənin Sahil Mühafizə Komandanlığına məxsus "TCSG-96" gəmisi saat 12:35-də İnebolu limanından hadisə bölgəsinə doğru yola düşüb.
Sahil mühafizə gəmisində 4 həkim, həmçinin Milli Tibbi Xilasetmə Qruplarının əməkdaşları, tibb bacıları və yardımçı tibb işçilərindən ibarət ümumilikdə 19 nəfərlik ixtisaslaşmış tibbi heyət yerləşdirilib.
Əməliyyata cəlb olunan qüvvələr saat 19:20-də Türkiyənin axtarış-xilasetmə zonasının şimal hissəsində, İnebolu limanından 115 dəniz mili məsafədə yerləşən "Burak Kaya" balıqçı gəmisinə çatıb.
Həlak olan balıqçının nəşi və yaralı şəxslər sahil mühafizə gəmisinə köçürülüb. Yaralılara dərhal tibbi yardım göstərilməyə başlanılıb və daha sonra gəmi İnebolu limanına qayıdış kursu götürüb.