BAKI,TurkicWorld,Yusif Şərifzadə
Sloveniya yeni sağçı Baş Naziri Yanez Yanşa vəzifəyə başladıqdan az müddət sonra paytaxt Liublanadakı əsas hökumət binasından Fələstin bayrağının qaldırılmasını əmr edib. Bu addım ölkənin xarici siyasətində İsrailə açıq dəstək istiqamətinə keçid kimi qiymətləndirilir.
TurkicWorld xəbər verir ki, bayraq keçmiş Baş Nazir Robert Golobun dövründə iki il ərzində binanın üzərində asılmışdı. Golob hökuməti İsraili beynəlxalq qanunları pozmaqda və Qəzzada “açıq soyqırımı aktları” törətməkdə ittiham edirdi.
Golob dövründə Sloveniya Avropa İttifaqı üzvləri arasında İsraillə bütün silah ticarətini qadağan edən ilk ölkə olub. Həmçinin Fələstini müstəqil dövlət kimi tanıyıb, iki İsrail nazirini persona non grata elan edib və Fələstin dövlətliyi məsələsində İrlandiya, İspaniya və Norveç ilə həmrəylik göstərib.
İsrail də bu siyasət dəyişikliyini sürətlə alqışlayıb. İsrailin Xarici İşlər Naziri Gideon Saar bildirib ki, ölkəsi Liublanada ilk səfirliyini “heç bir gecikmə olmadan” açacaq.






