BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa İttifaqı Yaxın Şərqdə davam edən gərginlik fonunda HƏMAS və Fələstin İslami Cihadı ilə bağlı yeni sanksiya qərarı qəbul edib. Qərar təşkilatların rəhbər strukturlarını da əhatə edir.
TurkicWorld xəbər verir ki, Avropa İttifaqı HƏMAS və Fələstin İslami Cihadına qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin əhatə dairəsini genişləndirib.
Aİ-nin yaydığı bəyanata görə, yeni qərar çərçivəsində HƏMAS-ın siyasi bürosunun 10 üzvü sanksiya siyahısına daxil edilib. Brüssel həmin şəxslərin zorakı fəaliyyətləri təşviq etməkdə, dəstəkləməkdə və əsaslandırmaqda ittiham olunduğunu bildirib.
Məlumata əsasən, sanksiyalar siyahısına salınan şəxslərin Avropa İttifaqı ərazisindəki aktivləri dondurula bilər, həmçinin onların maliyyə əməliyyatları və iqtisadi fəaliyyətləri ilə bağlı məhdudiyyətlər tətbiq olunacaq.
Qərar Avropa İttifaqının bir gün əvvəl İordan çayının qərb sahilində fəaliyyət göstərən bəzi israilli məskunlaşanlara qarşı sanksiyalar tətbiq etməsindən sonra qəbul edilib.
Brüssel son addımları bölgədə artan gərginlik və insan hüquqları pozuntularına cavab tədbiri kimi qiymətləndirir. Avropa İttifaqı rəsmiləri Yaxın Şərqdə sabitliyin qorunmasının və beynəlxalq humanitar hüquqa əməl edilməsinin vacibliyini vurğulayırlar.







