BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran və Oman arasında Hörmüz boğazındakı vəziyyətlə bağlı yüksək səviyyəli təmas baş tutub. Tərəflər strateji su yolunun idarə olunması və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə telefon danışığı aparıb.
Əraqçi sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, tərəflər Hörmüz boğazının idarə olunması, bölgədəki son vəziyyət və strateji su yolunun gələcəyi ilə bağlı fikir mübadiləsi aparıblar.
İranlı nazir qeyd edib ki, müzakirələr suveren məsuliyyətlər və beynəlxalq hüquq çərçivəsində keçirilib və danışığı “məhsuldar” kimi qiymətləndirib.
Əraqçi həmçinin vurğulayıb ki, Tehran hər hansı təhdid qarşısında Omanla həmrəydir və iki ölkə regional sabitliyin qorunması istiqamətində əməkdaşlığı davam etdirəcək.
Müşahidəçilərin fikrincə, bu telefon danışığı ABŞ Prezidenti Donald Trampın son günlər Omanla bağlı sərt açıqlamalar verməsindən sonra xüsusi diqqət çəkir. Hörmüz boğazı dünya enerji ticarətinin əsas marşrutlarından biri hesab olunduğundan bölgədə baş verən hər bir siyasi və diplomatik proses beynəlxalq bazarlar tərəfindən yaxından izlənilir.







