Son dəqiqə

İraq hökuməti Əli əl-Zeydi İraqda korrupsiya ilə mübarizə İraq iqtisadi islahatları İraq təhlükəsizlik siyasəti İraq investisiya proqramı İraq parlamenti İraq sabitlik proqramı

İraqda yeni dövr başlayır - Əli əl-Zeydi korrupsiya ilə mübarizə və sabitlik vəd etdi

BAKI,TurkicWorld Orxan Qədirzadə

İraqın yeni Baş naziri Əli əl-Zeydi vəzifəsinin icrasına rəsmi olaraq başladıqdan sonra ölkənin iqtisadi, təhlükəsizlik və dövlət idarəçiliyi sahələrində genişmiqyaslı islahatlar həyata keçirəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Əli əl-Zeydi ilk çıxışında hökumətinin əsas prioritetlərindən birinin geniş iqtisadi, maliyyə və islahat proqramının icrası olacağını bildirib. O vurğulayıb ki, dövlət vəsaitlərinin qorunması və korrupsiya ilə mübarizə hökumətin əsas hədəflərindən biri olacaq.

Baş nazir qeyd edib ki, korrupsiya artıq yalnız inzibati problem deyil, həm də ölkənin inkişafı qarşısında ciddi maneəyə çevrilib və dövlətin inkişaf prosesini ləngidən amillərdən biridir. O, vətəndaşlara iş imkanlarının yaradılacağını, bunun isə ayrı-seçkilik və şəxsi əlaqələrdən uzaq şəkildə həyata keçiriləcəyini bildirib.

Əli əl-Zeydi ölkədə investisiyaların təşviq ediləcəyini və özəl sektorun İraq iqtisadiyyatının qurulmasında əsas tərəfdaşlardan birinə çevriləcəyini də vurğulayıb. O, təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə məktəb və universitetlərin yenilənməsi, tədris proqramlarının müasirləşdirilməsi və təhsil müəssisələrinin keyfiyyətinin artırılması istiqamətində xüsusi tədbirlər görüləcəyini açıqlayıb.

Baş nazir səhiyyə sahəsinin də prioritet istiqamətlərdən biri olacağını qeyd edib. Onun sözlərinə görə, xidmət və infrastruktur problemləri artıq təxirə salınmış vədlər səviyyəsində qalmayacaq və real fəaliyyət mərhələsinə keçəcək.

Əli əl-Zeydi çıxışında təhlükəsizlik məsələlərinə də toxunaraq ölkədə sabitliyin möhkəmləndirilməsi, İraqın suverenliyinin qorunması və ərəb, regional və beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlərin gücləndiriləcəyini bildirib.

Xatırladaq ki, İraq parlamenti bir neçə gün əvvəl Əli əl-Zeydiyə və hökumətdə təmsil olunan 14 nazirə etimad göstərib. Parlamentdə keçirilən səsvermədə təxminən 270 deputat iştirak edib.

Məlumata görə, Əli əl-Zeydinin baş nazir vəzifəsinə namizədliyi ötən ay Prezident Nizar Amidi tərəfindən siyasi razılaşma əsasında irəli sürülüb. İraqda mövcud siyasi sistemə uyğun olaraq əsas dövlət vəzifələri müxtəlif siyasi və ictimai qruplar arasında bölüşdürülür.

Mövzuya görə xəbərlər