BAKI,TurkicWorld, Nailə Babazadə
Ukrayna Prezidenti Volodimir Zelenski bir ay ərzində ikinci dəfə Səudiyyə Ərəbistanına rəsmi səfər edib.
TurkicWorld xəbər verir ki, Zelenski ABŞ-da yerləşən "X" şirkətinin sosial media platformasındakı hesabından etdiyi açıqlamada, Səudiyyə Ərəbistanına "anlaşmaları inkişaf etdirmək" üçün gəldiyini duyurub. Avropalı liderlərlə dünən keçirdiyi görüşdə ölkəsi üçün "maliyyə zəmanətləri təmin etdiklərini" bildirən Zelenski, Səudiyyə Ərəbistanında Vəliəhd Şahzadə Məhəmməd bin Salman ilə görüşəcəyini açıqlayıb.
Zelenski, "Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik, enerji və infrastruktur sahələrindəki razılaşmalarımızı irəli aparırıq. Güclənmənin qarşılıqlı olması vacibdir" ifadələrini işlədərək konstruktiv əməkdaşlığı təqdir etdiyini vurğulayıb. Səudiyyə Ərəbistanının rəsmi agentliyi olan SPA-nın xəbərində isə Zelenskinin Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanında rəsmilər tərəfindən qarşılandığı məlumatı verilib.
Ukrayna Prezidenti Volodimir Zelenski martın 26-da Səudiyyə Ərəbistanına səfər edərək görüşlər keçirmiş, daha sonra Yaxın Şərq turu çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin ardından İordaniyanı ziyarət etmişdi. Zelenski aprelin 1-də sosial media hesabından etdiyi açıqlamada, "Bu gün etibarilə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər ilə artıq əməkdaşlıq edirik. İordaniya ilə işlər davam edir. Bəhreyn, Küveyt və İraq ilə də təmasdayıq" demişdi.
İranın fırlatdığı PUA-lara qarşı mübarizə aparmaq məqsədilə Körfəz ölkələrinə ukraynalı mütəxəssislər və avadanlıqlar göndərdiklərini bildirən Zelenski, "Hərbi təcrübəmiz artıq bəhrəsini verir. Önləyici sistemlərimiz (önləyici PUA) artıq nəticə verməyə başlayıb" ifadəsini işlətmişdi.
Zelenski, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun Türkiyə və Yaxın Şərq regionuna yaxın müttəfiq ölkələrdə də görüşlər keçirməyə davam etdiyini bildirib. Ukraynada Rusiyanın, Körfəz ölkələrində isə İranın hücumlarına qarşı birgə mübarizə aparılmalı olduğunu vurğulayan Zelenski bunları qeyd edib:
"Hürmüz boğazında normal naviqasiyanın əngəllənməsi, əslində 2022-ci ildə Rusiyanın limanlarımızı və dənizə çıxışımızı əngəlləməyə çalışdığı dövrdə Ukraynanın qarşılaşdığı çətinliyin eynisidir, sadəcə daha təhlükəli bir miqyasdadır."







