Bakı,TurkicWorld
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ilhaq etdiyi Krıma gedən Krım körpüsünün Ukrayna üçün qanuni hərbi hədəf olduğunu və ona zərbələrin davam etdirilə biləcəyini bildirib.
Zelenski bunu noyabrın 20-də ABŞ-nin NBC telekanalına müsahibəsində körpünün gələcək taleyi ilə bağlı sualı cavablandırarkən deyib.
"Putin bu körpünün salamat qalmayacağını anlamalıdır", – deyə Ukrayna Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra yarımadanı öz ərazisi kimi rəsmiləşdirməyə çalışıb və daha sonra Krım körpüsünü inşa edərək onu Rusiyanın bir hissəsi elan edib. Zelenski Moskvanın bu addımlarının beynəlxalq səviyyədə tanınmadığını qeyd edib.
Ukrayna lideri Rusiyanın Ukrayna ərazisindəki obyektlərə hücumlarına cavab olaraq Krım körpüsünün də hədəfə alındığını bildirib. O, Kiyevin yarımadanın işğalı ilə nə diplomatik, nə də hərbi yolla barışacağını vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiya Krım körpüsündən yarımadaya silah daşınması üçün istifadə edir.
Qeyd edək ki, noyabrın 16-da Krım körpüsünə zərbələrdən sonra nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sonrakı hücumlar nəticəsində körpünün tağ konstruksiyalarından biri və yol örtüyünün bir hissəsi dənizə çöküb, noyabrın 19-na keçən gecə isə dəmir yolu hissəsi ciddi zədələnib.
Rusiya Baş nazirinin müavini Marat Xusnullin noyabrın 20-də körpünün əsas aşırım tirinin və tağının zədələndiyini, bərpa müddətinin isə hələ müəyyənləşdirilmədiyini bildirib. Onun sözlərinə görə, ilkin qiymətləndirmə mühəndis-layihə həlləri hazırlandıqdan sonra mümkün olacaq.





