BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin maliyyə naziri Mehmet Şimşek qlobal iqtisadi qeyri-müəyyənlik fonunda yeni iqtisadi strategiyanın əsas istiqamətlərini açıqlayıb.
TurkicWorld xəbər verir ki, “Yüksələn Türkiyə Zirvələri” çərçivəsində çıxış edən nazir dünya iqtisadiyyatında artan gərginliklərin və müharibələrin qlobal bazarlara ciddi təsir göstərdiyini bildirib.
Şimşek qeyd edib ki, İran–ABŞ–İsrail qarşıdurması nəticəsində enerji bazarlarında ciddi dalğalanmalar müşahidə olunur və bu proses qlobal iqtisadi artım tempinə mənfi təsir edir. Onun sözlərinə görə, dünya artıq “yeni normal” mərhələsinə daxil olub və bu şəraitdə uzunmüddətli proqnozlar vermək çətinləşib.
Nazir vurğulayıb ki, qlobal ticarətdə parçalanma meyilləri güclənir və Çin faktorunun təsiri daha da artır. Bildirilib ki, Çin istehsal gücünü qorumaq üçün məhsullarını yeni bazarlara yönəldir ki, bu da digər ölkələr üçün həm risk, həm də rəqabət yaradır.
Eyni zamanda Şimşek Türkiyə üçün yeni imkanların formalaşdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, qlobal müdafiə xərclərinin artması Türkiyə üçün strateji fürsət yaradır və bu sahə iqtisadi inkişafın əsas istiqamətlərindən biri ola bilər.
Nazir əlavə edib ki, Orta Dəhliz layihəsi çərçivəsində Türkiyə Asiya ilə Avropa arasında əsas tranzit mərkəzə çevrilmək potensialına malikdir və bu istiqamətdə infrastruktur layihələri genişləndirilir.
Şimşek bildirib ki, hökumətin iqtisadi proqramı üç mərhələdən ibarətdir və hazırda üçüncü mərhələdə struktur islahatları həyata keçirilir. Bu mərhələdə əsas məqsəd aşağı inflyasiya və davamlı iqtisadi artımı təmin etməkdir.
O qeyd edib ki, inflyasiya tək rəqəmli səviyyəyə endirildiyi halda iqtisadi artımın sürətlənməsi mümkündür və bu istiqamətdə siyasət dəyişməyəcək.
Nazir həmçinin rəqəmsal və yaşıl transformasiyanın vacibliyini vurğulayaraq, süni intellekt və yüksək texnologiyaların gələcək iqtisadiyyatın əsasını təşkil edəcəyini bildirib.
Analitiklər hesab edir ki, bu açıqlamalar Türkiyənin qlobal iqtisadi sistemdə mövqeyini gücləndirmək üçün uzunmüddətli və çoxşaxəli strategiya qurduğunu göstərir.





