BAKI, TurkicWorld, Orxan Qədirzadə
Sudanın Mavi Nil (Blue Nile) bölgəsində ordu qüvvələri ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında hərbi əməliyyatların intensivləşməsi nəticəsində humanitar vəziyyət kəskin pisləşib.
TurkicWorld xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) məlumatına görə, son günlər bölgənin inzibati mərkəzi olan Əd-Damazin şəhərinə 73 406 məcburi köçkün gəlib.
Bölgədəki fövqəladə hallar mərkəzi xəbərdarlıq edib ki, əsasən qadın və uşaqlardan ibarət olan köçkünlər sığınacaqlarda yer çatışmazlığı, qida, təmiz su və tibbi xidmətlərin yoxluğu ilə üzləşiblər. Kərmək və Qeysan şəhərlərindəki qarşıdurmalar minlərlə ailəni evlərini tərk etməyə məcbur edib. Beynəlxalq təşkilatlara təcili müdaxilə və mülki əhalinin mühafizəsi üçün təhlükəsiz dəhlizlərin açılması ilə bağlı çağırış edilib.
Qeyd edək ki, ötən həftə Çevik Dəstək Qüvvələri Efiopiya ilə sərhəddə yerləşən strateji Kərmək şəhərini və mühüm iqtisadi əhəmiyyətə malik Bav əyalətindəki bəzi məntəqələri ələ keçirdiklərini bəyan ediblər. Sudan ordusu isə Əd-Damazin şəhərinə əlavə qüvvələr yerləşdirərək hərbi təyyarə və PUA-larla qarşı tərəfin mövqelərinə zərbələr endirir. Bölgədəki hərbi aktivlik Roseres su anbarının təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur.







