BAKI, TurkicWorld, Orxan Qədirzadə
İran Prezidenti Məsud Pezeşkiyan qonşu dövlətləri regiondakı ABŞ hərbi bazalarından Tehrana qarşı istifadə olunmasına icazə verməməyə çağırıb.
TurkicWorld xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki paylaşımında bildirib ki, İran heç vaxt preventiv hücumlar etmir, lakin ölkənin infrastrukturu və ya iqtisadi mərkəzləri hədəf alınarsa, buna sərt cavab veriləcək.
Prezidentin bu bəyanatı fonunda regionun bir neçə ölkəsində yeni hücumlar qeydə alınıb. Küveyt Beynəlxalq Hava Limanına edilən PUA hücumları radar sisteminə ciddi ziyan vursa da, insan tələfatı olmayıb. Əbu-Dabidə Xəlifə limanı yaxınlığına düşən raket qəlpələri nəticəsində 6 nəfər yaralanıb, həmçinin Bəhreyn və Omanda da hava həyəcanı siqnalları işə düşüb. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi isə ölkə ərazisinə yönələn ballistik raket və çoxsaylı PUA-ların hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasına edilən hücum nəticəsində 15 ABŞ hərbçisinin yaralandığı bildirilir.







