Son dəqiqə

Donald Tramp

Trampın imzası dollar əskinaslarında: ABŞ tarixində ilk

Bakı. TurkicWorld:

ABŞ-də kağız dollarların dizaynında mühüm dəyişiklik edilməsi planlaşdırılır.

TurkicWorld xəbər verir ki, ölkənin maliyyə naziri Skott Bessent bildirib ki, yeni buraxılacaq əskinaslarda maliyyə naziri ilə yanaşı, Prezident Donald Trampın da imzası yer alacaq.

Rəsmi açıqlamaya görə, bu, ABŞ tarixində ilk belə hal olacaq — indiyədək dollar əskinaslarında yalnız xəzinədarın imzası olurdu. Yeni seriyada isə bu ənənə ləğv ediləcək və 165 ildən sonra ilk dəfə xəzinədarın imzası əskinaslardan çıxarılacaq.

Maliyyə naziri Skott Bessent bildirib ki, yeni əskinasların buraxılışı Amerikanın bu il qeyd olunan 250 illiyinə təsadüf edəcək. Onun sözlərinə görə, bu addım ölkənin iqtisadi nailiyyətlərini və dolların qlobal mövqeyini simvolizə edir.

"Prezident Donald Trampın rəhbərliyi ilə ABŞ misilsiz iqtisadi artıma və maliyyə sabitliyinə doğru irəliləyir. Onun adının dollar əskinaslarında yer alması bu nailiyyətlərin ən aydın ifadəsidir", — deyə nazir vurğulayıb.

ABŞ xəzinədarı Brendon Biç də təşəbbüsü dəstəkləyərək bildirib ki, Trampın ölkə iqtisadiyyatına töhfəsi "danılmazdır" və onun imzasının milli valyutada əks olunması "tamamilə haqlıdır".

"Reuters"in məlumatına görə, Donald Tramp və Skott Bessentin imzası olan ilk 100 dollarlıq əskinasların iyun ayında çapına başlanması planlaşdırılır.

Mövzuya görə xəbərlər