BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrailin siyasi və hərbi dairələrində ABŞ Prezidenti Donald Trampın İran rejiminin danışıqlar masasına oturması və Hörmüz boğazının açılması üçün verdiyi beş günlük möhlətin sonunda müvəqqəti atəşkəs elan edəcəyi barədə gözləntilər kəskin artıb. İsrailin "Kanal 12" televiziyasının yaydığı məlumata görə, rəsmi Təl-Əviv Vaşinqtonun "əyləcə basmasından" əvvəl hərbi nailiyyətləri maksimuma çatdırmaq üçün strateji hədəflər siyahısını yeniləyib.
TurkicWorld xəbər verir ki, Baş nazir Benyamin Netanyahu hərbi kabinetin iclasında gərgin görünərək, ordudan yaxın 48 saat ərzində İrandakı hədəflərin bombardmanını intensivləşdirməyi tələb edib.
İsrail mediası, xüsusilə "Maariv" qəzeti qeyd edir ki, Netanyahunun bu tələsikliyinin arxasında həm ABŞ-ın təzyiqi, həm də İsrail ictimaiyyətinin gözləntiləri dayanır. Gündəlik raket hücumları altında sığınacaqlarda qalan İsrail vətəndaşları hökumətdən konkret "zəfər obrazı" tələb edirlər. Siyasi müşahidəçilər hesab edirlər ki, əgər yaxın iki həftə ərzində strateji bir irəliləyiş əldə olunmasa, müharibənin uzanması İsrail üçün həm iqtisadi, həm də psixoloji cəhətdən dözülməz yükə çevrilə bilər. Bu səbəbdən İsrail hərbçiləri atəşkəs qərarı qüvvəyə minənə qədər İranda mümkün qədər çox infrastruktur və hərbi obyekti sıradan çıxarmağa çalışır.
İsrailin "Kan 11" dövlət radiosu ABŞ-ın mühüm bir İran təklifi müqabilində hərbi əməliyyatları hər an dayandıra biləcəyini xəbər verir. Məlumata görə, ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper hazırda İsraildədir və tərəflər arasında koordinasiyanı təmin etmək üçün müzakirələr aparır. İsrail kəşfiyyatı Tehranda idarəetmə rıçaqlarının parlament sədri Məhəmməd Baqir Qalibafın əlinə keçdiyini və yeni ali rəhbər Müctəba Xameneyinin onun vasitəsilə icraedici qurumlarla təmasda olduğunu ehtimal edir. Bu amil Vaşinqton və Tehran arasında çərçivə sazişinin imzalanması ehtimalını daha da gücləndirir.
İsrail daxilindəki proqnozlara görə, Donald Trampın atəşkəs qərarını şənbə gününə qədər açıqlaması gözlənilir. Lakin Təl-Əviv rəsmiləri ehtiyatlı davranaraq Trampın bu bəyanatlarının hərbi manevr və ya "aldadıcı fənd" ola biləcəyini də istisna etmirlər. İsrail tərəfi danışıqlarda mövqeyini zəiflətməmək üçün müharibəni dayandırmaq istəyi barədə məlumatların Vaşinqtona sızmamasına çalışır. Hazırda bütün diqqətlər Trampın atacağı növbəti addıma və İsrail ordusunun 48 saatlıq intensiv əməliyyat planına yönəlib.







