BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti ölkə ordusunun (SAXAL) döyüş qabiliyyətini gücləndirmək məqsədilə 400 minə qədər ehtiyatda olan hərbçinin xidmətə çağırılmasına yaşıl işıq yandırıb. "The Times of Israel" qəzetinin yaydığı məlumata görə, bu qərar regional müharibənin miqyasının genişlənməsi fonunda qəbul edilib.
TurkicWorld xəbər verir ki, İsrail ordusunun rəsmi açıqlamasında bu rəqəmin "əməliyyat ehtiyaclarına uyğun olaraq çeviklik təmin edən yuxarı hədd" olduğu bildirilib.
İsrailin hərbi planlaşdırmasında ehtiyat qüvvələrin sayının artırılması son aylarda mütəmadi olaraq gündəmə gəlib:
2025-ci ilin dekabrında hökumət 280 min ehtiyat hərbçinin xidmətə cəlb olunmasına icazə vermişdi. Yeni qərarla bu limit rekord səviyyəyə çatdırılıb.
28 fevralda İranın hərbi və siyasi infrastrukturuna qarşı başladılan hücumlardan cəmi bir gün sonra İsrail 100 min ehtiyatda olan hərbçini silah altına alacağını elan etmişdi.
"Fövqəladə vəziyyət əmrləri" ilə həyata keçirilən bu çağırışlar 7 oktyabr 2023-cü ildən bəri hər bir neçə aydan bir hökumətin təsdiqinə təqdim olunur.
Xatırladaq ki, 28 fevral 2026-cı il tarixində ABŞ və İsrail qüvvələri İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Bu hücumlar nəticəsində İranın ali dini lideri Əli Xamenei və bir çox yüksək rütbəli rəsmi şəxs həlak olub.
İran isə cavab olaraq İsrail ilə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn kimi ölkələrdəki hədəflərə zərbələr endirib. Ekspertlərin fikrincə, 400 minlik ehtiyat qüvvənin hazır vəziyyətə gətirilməsi İsrailin həm şimal cəbhəsində, həm də birbaşa İranla qarşıdurmada uzunmüddətli və genişmiqyaslı quru əməliyyatlarına hazırlaşdığını göstərir.







