Son dəqiqə

Kraystçerç məscid hücumu 2019 Brenton Tarant ömürlük həbs Yeni Zelandiya Apellyasiya Məhkəməsi 51 nəfərin qətli terror aktı Şərti azadlığa buraxılma hüququ Məhkəmə hökmünün təsdiqi Kraystçerç məhkəmə prosesi

İki məsciddə 51 nəfəri qətlə yetirən Brenton Tarantın apelyasiya şikayəti rədd edilib - Ömürlük həbsdə qalacaq

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Yeni Zelandiya Apellyasiya Məhkəməsi, 2019-cu ildə Kraystçerç şəhərində iki məscidə silahlı hücum edərək 51 nəfəri qətlə yetirən Brenton Tarantın apellyasiya şikayətini rədd edib.

TurkicWorld xəbər verir ki, məhkəmə, terrorçunun ömürlük həbs cəzası ilə bağlı çıxarılan hökmü qüvvədə saxlayıb.

Məhkəmə qatilin bəhanələrini rədd etdi

35 yaşlı avstraliyalı Brenton Tarant şikayətində iddia edirdi ki, 2020-ci ildəki etirafları həbsxanadakı ağır şəraitin təsiri altında, məcburi şəkildə alınıb. Lakin üç hakimdən ibarət kollegiya bu iddiaları əsassız hesab edib. Qərarda bildirilir ki, apellyasiya müraciəti qanuni müddətdən 500 gün gec təqdim edilib və işin yenidən açılması üçün heç bir hüquqi əsas yoxdur.

Tarixin ən ağır cəzası

Xatırladaq ki, 2019-cu ilin martında cümə namazı zamanı iki məscidə hücum edən Tarant, hadisəni başındakı kamera vasitəsilə "Facebook"da canlı yayımlamışdı. 51 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən bu hadisə ölkə tarixinin ən dəhşətli terror aktı kimi qeyd olunub.

Tarant 51 qətl, 40 qəsdən adam öldürməyə cəhd və bir terror aktı törətmə maddəsi ilə təqsirli bilinib. O, Yeni Zelandiya hüquq tarixində ilk dəfə tətbiq olunan "şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs" cəzasını çəkməkdə davam edəcək.