Son dəqiqə

Sudan Efiopiya Çevik Dəstək Qüvvələri (RSF) Əl-Kərmək bölgəsi

Sudanın strateji Əl-Kərmək şəhəri RSF-in nəzarətinə keçib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Sudanda fəaliyyət göstərən "Təsis Alyansı" (Çevik Dəstək Qüvvələri və müttəfiqləri) Mavi Nil ştatının strateji əhəmiyyətli Əl-Kərmək bölgəsini tam nəzarətə götürdüyünü elan edib. Efiopiya ilə sərhəddə yerləşən bu şəhər uğrunda Sudan ordusu ilə bir neçə saat davam edən şiddətli döyüşlərdən sonra hərbi bölmələr şəhər mərkəzinə daxil olub.

TurkicWorld xəbər verir ki, RSF tərəfindən yayılan video görüntülərdə piyada diviziyasının 16-cı briqadasının qərargahının ələ keçirildiyi, orduya məxsus onlarla zirehli texnika, tank və külli miqdarda silah-sursatın qənimət götürüldüyü əks olunub. Sudan ordusu isə hələlik cəbhədəki bu itki ilə bağlı rəsmi açıqlama verməyib.

Mavi Nil ştatının Efiopiya ilə həmsərhəd bölgələrində döyüşlərin yenidən alovlanması regionda qüvvələr nisbətini kökündən dəyişə bilər. Sudan ordusu Efiopiya hakimiyyətini RSF-ə birbaşa dəstək verməkdə, o cümlədən öz ərazisindən Sudanın daxilinə PUA zərbələri endirməkdə ittiham edib.

Əl-Kərmək şəhəri həm Efiopiya, həm də Cənubi Sudanla birləşən mühüm nəqliyyat qovşağıdır. Şəhərin ələ keçirilməsi aşağıdakı strateji nəticələrə yol açır:

RSF artıq Efiopiya və Cənubi Sudan istiqamətindən gələn tədarük yollarını idarə etmək imkanı qazanıb.

Əl-Kərməkin süqutu ştatın inzibati mərkəzi olan Dəməzin şəhərinə gedən yolu açır ki, bu da dövlət müəssisələrinin və strateji bazaların risk altına düşməsi deməkdir.

Bölgənin dağlıq relyefi uzunmüddətli müdafiə və manevr üçün ideal şərait yaradır.

Döyüşlərin miqyasının genişlənməsi nəticəsində ətraf kəndlərdən və yaşayış məntəqələrindən əhalinin kütləvi qaçışı müşahidə olunur. Məqca, Sərkəm və Əbiqo kimi məntəqələrdən minlərlə mülki şəxs daha təhlükəsiz bölgələrə və qonşu ölkələrə sığınmağa çalışır. Beynəlxalq müşahidəçilər xəbərdarlıq edirlər ki, xarici dəstək ittihamları fonunda Mavi Nil cəbhəsinin genişlənməsi Sudanın cənub-şərqində münaqişəni daha da mürəkkəbləşdirəcək.

Mövzuya görə xəbərlər