BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ-ın Miçiqan ştatında yerləşən sinaqoqlardan birində silahlı hücum baş verib.
TurkicWorld xəbər verir ki, Miçiqan Ştat Polisi Vest Blumfild şəhərində yerləşən “Temple Israel” sinaqoqunda silahlı hücumun baş verdiyini açıqlayıb. İlkin məlumatlara görə, hücum edən şəxs avtomobili ilə sinaqoq binasına daxil olub və ətrafda atəş açıb.
ABŞ Federal Təhqiqat Bürosunun direktoru Kaş Patel sosial şəbəkədə yayımladığı açıqlamada bildirib ki, Federal Təhqiqat Bürosunun əməkdaşları Miçiqandakı yerli hüquq-mühafizə orqanları ilə birlikdə hadisə yerində əməliyyat keçirirlər.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri sinaqoqda baş vermiş avtomobillə çırpılma və aktiv silahlı hücum hadisəsinə müdaxilə edir.
Hadisə yerindən yayılan görüntülərdə sinaqoq binasının damından tüstünün qalxdığı və əraziyə çoxsaylı polis avtomobillərinin cəlb olunduğu görünür.
Silahlı hücumdan sonra ətraf ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib və yaxınlıqdakı məktəblərdə əlavə mühafizə tədbirləri tətbiq olunub.
Hadisənin səbəbləri və hücumun motivləri ilə bağlı araşdırmalar davam edir.






