Son dəqiqə

İslam Əməkdaşlıq Təşkilatı

İƏT Baş Katibliyi İranın qonşu ölkələrə qarşı hərəkətlərini pislədi

BAKI, TurkicWorld

İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyi İranın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt və İordaniyanın suverenliyinə və ərazilərinə qarşı hərəkətlərini qətiyyətlə pisləyib.

TurkicWorld xəbər verir ki, Baş Katiblik bu hərəkətləri regional sabitliyə və sülhə təhdid yaradan qəbuledilməz eskalasiya adlandırıb.

Bəyanatda vurğulanıb ki, yuxarıda adı çəkilən ölkələrin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaqda onlarla tam həmrəylik saxlanılır və beynəlxalq hüququn davamlı şəkildə pozulmasının təhlükəli presedent yaratdığı, mehriban qonşuluq, qarşılıqlı hörmət və daxili işlərə müdaxilə etməməyə əsaslanan beynəlxalq münasibətlərin təməllərini sarsıtdığı qeyd olunub.

Baş Katiblik bütün regionun təhlükəsizliyi və sabitliyini qorumaq məqsədilə eskalasiya hərəkətlərinə dərhal son qoyulması, təmkin nümayiş etdirilməsi və danışıqlar masasına qayıtmaq çağırışını bir daha təkrarlayıb.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Mövzuya görə xəbərlər