BAKI,TurkicWorld, Orxan Qədirzadə
Rusiyada Telegram messencerinin sürətinin azaldılması və tətbiq edilən məhdudiyyətlər hakimiyyət daxilində ciddi qarşıdurmaya səbəb olub.
TurkicWorld xəbər verir ki, "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov "Roskomnadzor"un bu qərarını sərt şəkildə tənqid edərək, təşəbbüskarları "idiotlar" və "əclaf kimsələr" adlandırıb.
Parlamentari bu qərarı verənlərin "xüsusi hərbi əməliyyat" zonasına göndərilməli olduğunu bildirib. Mironovun sözlərinə görə, Telegram hazırda cəbhədəki hərbçilər üçün ailələri ilə əlaqə saxlamaq və yardım toplamaq üçün yeganə etibarlı vasitədir: "İnsanlar orada həlak olur, siz isə burada nə edirsiniz?" – deyə o, kəskin etirazını bildirib.
Xatırladaq ki, fevralın 10-dan etibarən Rusiyada Telegram-ın işində ciddi ləngimələr yaranıb. "Roskomnadzor" platformanı qanunvericiliyin tələblərinə, xüsusilə fərdi məlumatların qorunması və fırıldaqçılıqla mübarizə qaydalarına əməl etməməkdə ittiham edir. Kremlin mətbuat katibi Dmitri Peskov qanunlara tabe olmağın vacibliyini vurğulasa da, Telegram-ın qurucusu Pavel Durov baş verənləri "vətəndaşların azadlıqlarının məhdudlaşdırılması" kimi qiymətləndirib. Hərbi blogerlər isə xəbərdarlıq edirlər ki, messencerin bloklanması cəbhədəki koordinasiyaya ağır zərbə vura bilər.







